Medianews.az
Ukraynalı polkovnikin azərbaycanlıların əli ilə öldürülməsi – <span style=color:red>Ehtiyatlı olmalıyıq
532 baxış

Ukraynalı polkovnikin azərbaycanlıların əli ilə öldürülməsi – Ehtiyatlı olmalıyıq

Politoloqlar Şahin Cəfərli və Elxan Şahinoğlu Ukraynada Təhlükəsizlik Xidmətinin polkovniki İvan Voroniçin öldürülməsində Azərbaycanın iki vətəndaşının adının keçməsi məsələsini şərh ediblər. Şahin Cəfərli Medianews.az-a açıqlamasında bildirib: “İyulun 10-da Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) polkovniki İvan Voroniç öldürülüb. Voroniç işğal altındakı ərazilərdə separatçı liderlərin ləğvi ilə bağlı bir sıra uğurlu əməliyyatların təşkilatçısı olduğu üçün Rusiya xüsusi xidmət orqanlarının "ölüm siyahısı"nda imiş. Az sonra SBU killerlərin izinə düşüb və onları yaxalamaq üçün əməliyyat keçirib. Əməliyyat zamanı müqavimət göstərən 2 şəxs zərərsizləşdirilib. Rəsmi olaraq açıqlanmasa da, tanınmış ukraynalı jurnalist Yuri Butusov məhv edilən terrorçuların şəxsiyyətinin müəyyən edildiyini bildirib. Butusovun yazdığına görə, bunlar Xəqani Gülalızadə və Nərmin Quliyeva adlı Azərbaycan vətəndaşlarıdır. Onlar Rusiya kəşfiyyatı tərəfındən Rusiya ərazisində əməkdaşlığa cəlb edilibmiş”. Ş.Cəfərlinin sözlərinə görə, Bu hadisədə bizim üçün narahatlıq doğuran başlıca məqam bundan ibarətdir ki, çörəkpulu dalınca qürbət ellərə, xüsusən Rusiya kimi təhlükəli bir ölkəyə getmək məcburiyyətində qalan soydaşlarımız xüsusi xidmət orqanları üçün asan "ov"a çevrilir: “Onları "verbovka" etmək ən təcrübəsiz xüsusi xidmət əməkdaşı üçün də çox sadə vəzifədir. Bu tip ucuz agentlər daha çox birdəfəlik əməliyyatlarda istfadə olunur. Heç bir təminat yoxdur ki, Rusiyada bu ölkə məxfi xidmətləri tərəfindən əməkdaşlığa cəlb olunan azərbaycanlılardan Azərbaycana qarşı istifadə edilməyəcək”. Elxan Şahinoğlu Medianews.az-a açıqlamasında deyib ki, polkovnik İvan Voroniçin qətlində iki Azərbaycan vətəndaşının iştirak etdiyi xəbəri təsdiqlənərsə, bunu Rusiyanın Azərbaycana qarşı növbəti təxribatı kimi qiymətləndirmək olar: “Rusiya kəşfiyyat xidmətinin ukraynalı zabiti öldürmək üçün Xəqani Gülalızadə və Nərmin Quliyeva adlı Azərbaycan vətəndaşlarından istifadə edildiyi xəbəri yayılıb. Hər ikisi Rusiyada çalışırmış. Fikrimcə, Rusiya kəşfiyyat xidmətinin ukraynalı zabiti qətlə yetirmək tapşırığını Azərbaycan vətəndaşlarına tapşırması Azərbaycan-Ukrayna münasibətlərinə kölgə salmaq məqsədi daşıyır. Kreml Rusiyada çalışan miqrantlara həm zorla sənəd imzalatdıraraq onları birinci sırada Ukrayna ilə müharibədə ölümə göndərir, həm də bir qismini qatilə çevirməyə çalışır. Ukraynanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan, Ukrayna vətəndaşı olan soydaşlarımız olduğu kimi Rusiya kəşfiyyatının toruna düşərək qatilə çevrilənlər də var. Diqqətli olmalıyıq. Rusiya Azərbaycanla münasibətlərinin gərginləşməsi fonunda soydaşlarımıza qarşı başqa təzyiq formalarından da istifadə edə bilər”. Toğrul Əli,  Medianews.az

Bizə qoşulun