“O qədər də faciəvi rəqəm deyil. Yaxın illərdə bundan daha böyük satış həcmləri olub”.
İqtisadçı Natiq Cəfərli Dövlət Neft Fondunun Mərkəzi Bankın 2025-ci ilin birinci rübündə keçirdiyi valyuta hərraclarında 2 milyard 420,6 milyon ABŞ dolları məbləğində vəsait satması xəbərini Medianews.az-a şərh edərkən belə deyib.

N.Cəfərli qeyd edib ki, Dövlət Neft Fondu Mərkəzi Bankın valyuta hərraclarında dolları təkcə manatın məzənnəsini saxlamaq üçün satmır: “Büdcə öhdəliklərini yerinə yetirmək lazımdır. Büdcənin yarısına yaxını isə Dövlət Neft Fondundan edilən transferlər hesabına həyata keçirilir. Dövlət Neft Fondunda vəsait dollarla saxlanır. Onu manata çevirib büdcəyə köçürmək lazımdır. Bu işlə də Mərkəzi Bank məşğul olur. Yəni Dövlət Neft Fondu vəsaiti verir Mərkəzi Banka, Mərkəzi Bank isə onu hərraclar vasitəsilə banklara satıb, manata çevirib büdcəyə ötürür. Hələlik görünən odur ki, faciəvi vəziyyət yoxdur. Amma niyə Mərkəzi Bankın hər həftə keçirdiyi valyuta hərracları haqda məlumat yalnız üç aydan bir açıqlanır? Niyə hərracların həftəlik nəticələrini elan etmirlər? Bu artıq ciddi sual doğurur. Mənə elə gəlir ki, ənənə bərpa olunmalı, valyuta hərraclarındakı vəziyyət hər həftə elan edilməlidir. Belə olsa, işi adamları, biznes çevrələri, analitiklər situasiyanı daha yaxşı təhlil edə, daha düzgün nəticələrə gələ bilərlər”.

Xatırladaq ki, Dövlət Neft Fondu Mərkəzi Bankın keçirdiyi valyuta hərraclarında 2016-cı ildə 4,9 milyard, 2017-ci ildə 3,6 milyard, 2018-ci ildə 6,5 milyard, 2019-cu ildə 6,6 milyard, 2020-ci ildə 7,3 milyard, 2021-ci ildə 6,7 milyard, 2022-ci ildə 4,7 milyard, 2023-cü ildə 2,7 milyard, 2024-cü ildə 7,1 milyard dollar satıb.
2015-2017-ci illərdə rəsmi kursu 0,7844 manatdan 1,7001 manata yüksələn ABŞ dolları 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur.
2025-ci il aprelin 1-nə Dövlət Neft Fondunun 62 milyard 740,2 milyon dollarlıq aktivi, Mərkəzi Bankın 11 milyard 26,5 milyon dollar valyuta ehtiyatı olub.
Nailə Qasımova,
Medianews.az