“Rusiyadan daha sərt bəyanatlar eşidəcəyik”.
Bu sözləri Medianews.az-a Sosial Tədqiqatlar Mərkəzinin eksperti, politoloq İlyas Hüseynov söyləyib. Ekspertin fikrincə, Rusiya Ukrayna müharibəsi fonunda aqressiv siyasət yürüdür:
“Rusiya Ukrayna müharibəsində hərbi əməliyyatlara başlamaqla digər dövlətlərdən sərt reaksiya gördü. Müşahidələrimizə əsasən, Kremlə qarşı olan dövlətlərin sayı getdikcə artır. Bu, Rusiyanın zəifləməsi ilə əlaqəlidir. Kreml də buna reaksiya olaraq bir çox dövlətlərə, hətta dost bildiyi ölkələrə qarşı aqressivləşib. Artıq bir çox ölkələrə təzyiq mexanizmini işə salıb. Əsas məqsədi qərb koalisiyasına meyl edən dövlətləri cəzalandırmaqdır. Moskva çağırışlar səsləndirərək xəbərdarlıq edir”.
Politoloq qeyd edib ki, Rusiyanın təzyiq mexanizmində əsas hədəf ölkələri dominant mövqedə olduğu təşkilatların üzvləridir:
“Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, Müstəqil Dövlətlər Birliyinin, Şanxay Əməkdaşlıq Təşkilatının, Avrasiya İqtisadi Birliyinin üzvlərini öz nüfuz dairəsi kimi görür. Bu səbəbdən üzv dövlətlərin qərblə əməkdaşlığı Rusiyanı qıcıqlandırır. Cəza tədbiri olaraq qərbə meyl edən dövlətlərin əməkdaşlıq imkanlarını minimallaşdırır. Rusiya bu təzyiqlərlə həmin ölkələri geosiyasi orbitində saxlamağa çalışır. Zamanla Rusiyadan daha sərt bəyanatlar və tədbirlər görəcəyik”.
İlyas Hüseynov bildirib ki, rəsmi Kreml hüquqi addımlar atmaqla da tərəfdaşlarını qorumaq istəyir:
“Rusiya tərəfdaş kimi gördüyü dövlətlərlə müxtəlif sazişlər, normativ hüquqi aktlar imzalayaraq müttəfiqliyi və strateji əməkdaşlığı möhkəmləndirməyi də hədəfləyib. Lakin Rusiyanın ənənəvi siyasətini unutmamalıyıq. Moskva Çar Rusiyasının və SSRİ-nin tərkibində olan dövlətlərə öz vassalı kimi baxır. Neçə illərdir ki, bunu müşahidə edirik”.
Siyasi analitik Rusiyanın təzyiq mexanizminin əsas məqsədini açıqlayıb:
“Rusiyanın digər dövlətlərə təzyiqində əsas məqsədi iqtisadi vəziyyətini stabilləşdirməkdir. Rusiya müxtəlif preventiv (tərifi: qarşı tərəfin hərəkətlərini qabaqlayan) addımlar ataraq rublu möhkəmləndirməyi hədəfləyib. Bununla uğur qazan bilir. Məsələn, qazın rublla ticarətinin həyata keçirilməsi ölkə iqtisadiyyatına müsbət təsir edib”.
Ekspert qərbin sanksiyalarının təsir gücünün zəif olduğunu vurğulayıb:
“Rusiyanın hegemonluq istəyinin qarşısını almaq üçün qərb kifayət qədər güclü addımlar atmır. Çünki ortada qaz məsələsi var. Tətbiq etdiyi sanksiyalar isə Rusiyanın işinə mane olmur. Moskva müxtəlif yollarla manevr taparaq istəyinə nail olur. Rusiya pul köçürmələrində, beynəlxalq ticarətdə uğur əldə edir, həmçinin xammal ehtiyatlarını dünya bazarlarına çıxarda bilir. Bununla da rahat şəkildə ayaq üstündə dayanır. Rusiyanın sanksiyalar qarşısında dik dayanması müharibənin müddətinin artmağına səbəb olub. Uğurlarından həvəslənən Moskva zamanla bu cür xəbərdarlıqlar edir. Hər biri ünvanına çatır və ciddi mesajlar daşıyır”.
Xanlar Əlibəy
Medianews.az