Bu gün Bakının Xəzər rayonunun Binə qəsəbəsində 160 nömrəli avtobus "Hyundai" markalı digər avtobusla toqquşub. Nəticədə 22 nəfər dərhal tibb ocaqlarına hospitalizasiya olunub. 12 nəfərin vəziyyəti qənaətbəxş sayıldığından ambulator müalicə üçün evə buraxılıb, digər şəxslərin isə müalicəsi davam etdirilir. Onlardan biri reanimasiyaya yerləşdirilib.
Medianews.az bildirir ki, bu, 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun uğradığı ilk ağır qəza deyil.
Həmin xəttə çıxan sərnişin avtobusları indiyədək bir neçə dəfə qəzaya uğrayıb.
1 oktyabr 2018-ci il
160 nömrəli avtobus Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşub. Nəticədə 2 nəfər həlak olub, 40 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralananlardan beşi azyaşlı olub.
25 noyabr 2019-cu il
Binə qəsəbəsində 160 nömrəli avtobusun iştirakı ilə qəza baş verib. Xəsarət almış sərnişinlərdən biri xəstəxanaya aparılarkən yolda keçinib.
27 iyun 2022-ci il
Binə qəsəbəsinin Sovxoz yaşayış massivində karyer daşı ilə yüklənmiş "ZİL" markalı yük avtomobili 160 nömrəli avtobusa çırpılıb. Hadisə avtobus son dayanacaqda gözləyərkən baş verib. Avtobusa ciddi ziyan dəyib, xəsarət alan olmayıb.
25 oktyabr 2025-ci il
160 nömrəli avtobus Binə qəsəbəsində yanıb. Məlumatlara görə, yanğına mühərrikdə yaranmış nasazlıq səbəb olub. Hadisə zamanı xəsarət alan olmayıb, avtobus isə yararsız vəziyyətə düşüb.
Xatırladaq ki, 160 nömrəli avtobus sərnişinlərə “Koroğlu” metro stansiyası yaxınlığındakı “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi ilə Binə qəsəbəsinin Sovxoz yaşayış massivi arasında xidmət göstərir. Avtobus “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən çıxarkən Heydər Əliyev prospekti boyunca irəliləyir, Sabunçu dairəsi, Bakı Ekspo Mərkəzi və Milli Aviasiya Akademiyasının yanından keçib Binə qəsəbəsinə daxil olur. Qəsəbənin içində əsasən mərkəzi Əli İsazadə küçəsi, Binə dəmiryol stansiyası və Binə Sovxoz ərazisi boyunca hərəkət edir. Geri qayıdanda da əks istiqamətdə eyni yolu gedir.
Nailə Qasımova,
Medianews.az
