UEFA-nın klub turnirlərində 2026-2027 mövsümünün ikinci təsnifat mərhələsi oynanır. Azərbaycan 4 təmsilçi ilə yarışır: “Sabah” Çempionlar Liqasında, “Qarabağ” Avropa Liqasında, “Zirə” və “Neftçi” Konfrans Liqasında yer alır.
Medianews.az bildirir ki, Çempionlar Liqasında “Sabah”ın rəqibi KuPS-dur (Finlandiya). İlk oyunu evdə keçirən bakılılar 1:0 hesabı ilə üstün gəliblər.
Üçüncü mərhələyə adlasa, “Sabah”ın bəxtinə ya “Orxus” (Danimarka), ya “Lex” (Polşa) düşəcək.
Avropa Liqasına ələnəcəyi halda “Sabah” ya “Levski” (Bolqarıstan), ya “Universitatya” (Krayova, Rumıniya) ilə üz-üzə gələcək.
“Qarabağ”a Avropa Liqasında SSKA (Bolqarıstan) qismət olub. Ağdamlılar ilk oyunu Bakıda keçiriblər, hesab açılmayıb.
Üçüncü mərhələnin mümkün rəqibi ya “Şerif” (Moldova), ya “Makkabi”dir (Təl-Əviv, İsrail).
Konfrans Liqasına ələnəcəyi halda “Qarabağ” ya “Dinamo”ya (Ukrayna), ya PAOK-a (Yunanıstan) tuş gələcək.
“Zirə”nin Konfrans Liqasında rəqibi “Payde” (Estoniya), “Neftçi”nin rəqibi “Dinamo”dur (Minsk, Belarus). İlk oyunlar Bakı komandaları üçün uğursuz olub: “Zirə” səfərdə (0:1), “Neftçi” evdə (2:4) uduzub.
Mərhələ adlasalar, “Zirə” ya “Santa Koloma” (Andorra), ya “Rapid” (Avstriya), “Neftçi” ya “Jelezniçar” (Serbiya), ya “Braqa” (Portuqaliya) ilə oynayacaq.
Hər üç turnir dörd təsnifat mərhələsindən ibarətdir.
36 komandalıq liqa mərhələlərində ilk 8 pilləni tutanların 1/8 finala, 9-24-cü yerləri tutanların 1/16 finala çıxması nəzərdə tutulur.
55 üzvü olan UEFA-nın klub reytinqində Azərbaycan 26-cı pillədədir.
Reytinq klub turnirlərinin son beş mövsümündə qazanılan əmsallara əsaslanır. Təsnifat mərhələlərində qələbə 1 xal, heç-heçə yarım xal, sonrakı raundlarda qələbə 2 xal, heç-heçə 1 xaldır. Liqa mərhələsindən finala qədər bonus xalları da var.
Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır.
Azərbaycan bu mövsüm 1,875 əmsal əldə edib.
Toğrul Əli,
Medianews.az