Medianews.az
Xaricdən Azərbaycan saytlarına giriş niyə bloklanır? –
724 baxış

Xaricdən Azərbaycan saytlarına giriş niyə bloklanır? – AÇIQLAMA

Azərbaycanın “.gov.az” domenində yerləşən portallarına bəzən xarici ölkələrdə giriş mümkün olmur. Belə bir fikir var ki, bu domen zonasında kritik informasiya sistemləri yerləşdiyindən “.gov.az” trafiki heç də həmişə xaricə ötürülmür.

Mövzu ilə bağlı Medianews.az-a açıqlamasında Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov bildirib ki, ümumiyyətlə, “.gov.az” domeninin xarici ölkələr üçün əlçatan olması normal praktikadır: “Bu, beynəlxalq əməkdaşlıq, informasiyanın əlçatanlığı və xaricdə yaşayan vətəndaşların dövlət xidmətlərindən yararlana bilməsi üçün vacibdir. Lakin bəzi hallarda kiber təhlükəsizlik üzrə mütəxəssislər, xüsusilə də “threat intelligence” araşdırmaçıları mümkün hücumları əvvəlcədən aşkar edə və ya proqnozlaşdıra bilirlər. Belə risklərin müəyyən edildiyi istisna situasiyalarda domenin xarici çıxışı məhdudlaşdırıla bilər. Bu addım mümkün hücumların qarşısını almaq və sistemləri qorumaq məqsədi daşıyır.

Digər tərəfdən, elə dövlət resursları var ki, onların xaricdə yaşayan vətəndaşlar üçün funksional əhəmiyyəti yoxdur. Bu cür hallarda təhlükəsizlik və məlumatın qorunması məqsədilə domenin xaricdən girişinə birdəfəlik blok qoyula bilər. Yəni ümumi yanaşma ondan ibarətdir ki, xaricə çıxış yalnız zərurət yarandığı halda, təhlükəsizlik riskləri qiymətləndirildikdən sonra məhdudlaşdırılır”.

Nailə Qasımova, 
Medianews.az

Bizə qoşulun