ABŞ-nin "New York Post" nəşri Prezident Donald Trampa qarşı "Washington Hilton" otelində həyata keçirilən sui-qəsd cəhdinin sarsıdıcı təfərrüatlarını dərc edib.
Medianews.az Musavat.com-a istinadən xəbər verir ki, atışma tədbirin keçirildiyi zalın girişində, son yoxlama məntəqəsində baş verib.
Hücum edən şəxs nəzarət nöqtəsini yararaq atəş açıb və daxildə olan 2500 qonağın, həmçinin ABŞ Prezidentinin olduğu zala doğru irəliləməyə çalışıb.
Kolumbiya dairəsinin polis rəisi Ceffri Kerrollun bildirdiyinə görə, cinayətkarın üzərindən tüfəng, tapança və bir neçə bıçaq tapılıb.
Şahidlərin dediyinə görə, o, silahı nəzarətsiz qalan giriş hissəsindəki arabaların arxasında, birbaşa otelin daxilində yığıb.
Hadisə zamanı 4-8 arası atəş səsi eşidilib və Məxfi Xidmətin bir əməkdaşı yaralanıb. Agentlər dərhal zalı təxliyə edib, hücumçunu isə yerindəcə zərərsizləşdiriblər.
İstintaqın məlumatına görə, təkbaşına hərəkət edən şübhəli şəxs Kaliforniyadan olan 31 yaşlı Koul Allendir.
Məlum olub ki, o, "C2 Education" şirkətində müəllim işləyib və Kaliforniya Texnologiya İnstitutunda (Caltech) maşınqayırma üzrə təhsil alıb.
Qonşuları onu qapalı və psixi problemləri olan biri kimi xarakterizə etsələr də, hücumun rəsmi motivləri hələlik müəyyən edilməyib. Hazırda ABŞ hüquq-mühafizə orqanları hadisənin beynəlxalq əlaqələrini və təhlükəsizlik sistemindəki boşluqları araşdırır.