ABŞ Prezidenti Donald Trampın ötən il kriptovalyuta layihələrindən təxminən 1,2 milyard dollar gəlir əldə etdiyi açıqlanıb.
Medianews.az xəbər verir ki, ABŞ Hökumətinin Etika Ofisi illik maliyyə hesabatı dərc edib.
Hesabata əsasən, Trampın vəzifəyə başladığı dövrdə fəaliyyətə başlayan kripto layihələri onun uzun illər ərzində formalaşdırdığı daşınmaz əmlak portfelindən daha çox gəlir gətirib.
Hesabatda bildirilir ki, Trampın "World Liberty Financial" şirkəti idarəetmə tokenlərinin satışından 500 milyon dollardan çox gəlir əldə edib. Digər kripto şirkəti "CIC Digital LLC" isə Trampın təsviri əks olunan "meme coin"lərin satışından 600 milyon dollardan artıq qazanc əldə edib.
Bununla yanaşı, hesabatda qeyd olunur ki, Trampın şirkətləri bu layihələrdən milyardlarla dollar dövriyyə əldə etsə də, hər iki kriptoaktiv bazara çıxarıldıqdan sonra investorlar ciddi itkilərlə üzləşiblər.
Məlumata görə, ötən ilin sentyabrından bəri World Liberty tokenləri təxminən 80 faiz dəyər itirib. 2025-ci ilin yanvarında 74 dollardan yuxarı qiymətlə satışa çıxarılan Tramp temalı "meme coin"lərin dəyəri isə 1,68 dollara qədər enib.