Çində keçirilən qeyri-adi toy mərasimi sosial şəbəkələrdə gündəm olub.
Medianews.az -ın məlumatına görə, yeni evlənən cütlük ənənəvi toy proqramı əvəzinə rinqdə güləşərək ev işlərini kimin görəcəyinə qərar verib.
Qaydaya əsasən, yarışda uduzan tərəf ömürlük ev işləri ilə məşğul olmalı idi. Toyun ideya müəllifi Quizhou əyalətinin Zunyi şəhərindən olan peşəkar güləşçi He İnşen olub.
O, toy mərasimini hotellərdən birində təşkil edərək klassik toy səhnəsini güləş rinqi ilə əvəz edib. Rinqdə “Bəy gəlinə qarşı” şüarı ilə xüsusi qarşılaşma təşkil olunub.
Yeni evlənənlər üç raundlu yarışda öz komandalarına rəhbərlik ediblər. Əvvəlcə peşəkar güləşçilər çıxış edərək qonaqlara müxtəlif şou nömrələri təqdim ediblər.
Əsas qarşılaşma zamanı isə gəlin üstünlüyü ələ alıb. O, bəyin hücumlarından yayınaraq onu peşəkar fəndlə yerə yıxıb. Hakim gəlinin qələbəsini elan edərək onun “ömürlük ev işlərindən azad olunduğunu” bildirib.
Bəy daha sonra yerli mediaya açıqlamasında məğlubiyyətin planlı olduğunu etiraf edib: “Əlbəttə ki, sonda uduzmalı idim. Onun ev işləri görməsini istəməzdim”.
Cütlük bildirib ki, bu ideya həm də toy xərclərini azaltmaq məqsədi daşıyıb. Adi musiqi və rəqs proqramlarına pul xərcləmək əvəzinə, toyda güləş şousu təşkil edilib.
Toya təxminən 300 qonaq qatılıb. Sosial şəbəkələrdə yayılan görüntülər isə istifadəçilərin marağına səbəb olub. Bəzi şəxslər zarafatla “Bu toy üçün bilet almaq olarmı?” şərhini yazıblar.