Medianews.az
“Təhlükəsizlik qövsü” –
105 baxış

“Təhlükəsizlik qövsü” – Amerikadan yeni dünya nizamı təklifi

İkinci Dünya müharibəsindən sonra formalaşan “Yalta-Potsdam dünya nizamı” artıq mövcud deyil. Əlbəttə, köhnə nizam inersiya ilə davam edir və bu hal keçmişin nostalgiyası ilə yaşananları aldadır. Ancaq bu hal keçicidir və çox yaxın zamanlarda başa çatacaq. Keçmişi geri qaytarmaq mümkün deyil.

“Yalta-Potsdam dünya nizamı”nın dağılmasının yaratdığı siyasi sunami tarixin ən güclü hərbi-siyasi ittifaqı olan NATO-nu da “vurub”. ABŞ-ın NATO-dan çıxacağı ilə bağlı prezident Donald Trampın açıqlaması da buradan qaynaqlanır. ABŞ-ın NATO-dan çıxması Trampın özbaşına fikri deyil. Tramp dəyişikliyin qaçılmaz olduğuna inananların fikirlərinin ifadəçisidir. Respublikaçılardan fərqli olaraq demokratların böyük çoxluğu NATO-nun mövcudluğunu davam etdirməsini müdafiə etsə də, ABŞ-ın yeni təhlükəsizlik sisteminə ehtiyacı olduğu fikri Vaşinqtonun siyasi dairələrində önə çıxmağa başlayır. Demokartlar Partiyasının sıralarında da ABŞ-ın yeni təhlükəsizlik sisteminə ehtiyacı olduğunu düşünən güclü liderlər önə çıxmağa başlayır.

Nümayəndələr Palatasının üzvü Ceyk Oçinkloss (Jake Auchincloss) yeni dünya nizamının yeni təhlükəsizlik sistemini yaramaq zərurətini doğurduğunu, NATO-nun bu vəzifənin öhdəsindən gələ bilmədiyini ifadə edərək “Təhlükəsizlik qövsü” yaradılması ideyasını irəli sürüb. Demokrat Partiyasının parlayan ulduzlarından, 2028-ci il prezident seçkilərində iştirakı gözlənilən Ceyk Oçinklossun təşəbbüsü yeni bir ittifaqın yaradılmasından daha böyük hədəfləri əhatə edir.

Ceyk Oçinkloss hesab edir ki, NATO İkinci Dünya müharibəsindən sonra sovet təhlükəsini cilovlamaq üçün yaradılmış müdafiə ittifaqı idi. Konqresmen hesab edir ki, yeni təhlükəsizlik sisteminin hansısa təhlükədən müdafiə məqsədilə yaradılması dövrü keçmişdə qalıb. “Təhlükəsizlik qövsü” təhlükəsizliklə yanaşı enerji qaynaqları və onların logistikasını da əhatə etməlidir. Konqresmen “Təhlükəsizlik qövsü”nün ABŞ-dan Yaponiyaya kimi uzanan coğrafiyanı əhatə etməli olduğunu qeyd edir.

Konqresmen Ceyk Oçinklossun bu ideyası haqqında geniş məlumat olmasa da, təhlükəsizliklə yanaşı enerji qaynaqları və onların logistikasını da əhatə etməli olan “Təhlükəsizlik qövsü”nün Azərbaycanın və Mərkəzi Asiyanın maraqlarına uyğun olduğu qənaətindəyəm.

Ekspertlərin ilkin mövqeyi belədir ki, konqresmen Oçinklossun ideyası Qərbin üzləşdiyi yeni çağırış və təhdidləri həll etməyə qadirdir. Rusiyanın Ukraynaya qarşı cinayətkar müharibəsi, İran ətrafındakı proseslər enerji qaynaqları və logistikanın təhlükəsizlik sisteminin bir parçası olduğunu, bu məsələləri müdafiə ittifaqları çərçivəsində həll etməyin mümkünsüzlüyünü göstərdi. ABŞ-ın İrana qarşı hərbi əməliyyatını Avropa ölkələrinin dəstəkləməməsi müdafiə ittifaqlarının vaxtının ötüb-keçdiyini təsdiqlədi. Yeni alyanslar birgə müdafiə ilə yanaşı enerji qaynaqları və logistikanı da əhatə etməlidir.

Harvard və Massaçusets Texnologiya İnstitutunun məzunu, dəniz piyadalarının ehtiyatda olan zabiti Ceyk Oçinkloss Donald Trampı zəif lider hesab edir və ABŞ-ın güclü liderə ehtiyacı olduğunu düşünür. Oçinkloss hesab edir ki, ABŞ Ukrayna, İsrail və Tayvan kimi müttəfiqlərini dəstəkləməyə davam etməlidir. Konqresmenin “Təhlükəsizlik qövsü” ideyasında Ukrayna və İsrailə xüsusi önəm verilib. Ukrayna və İsrailin qızğın müdafiəçilərindən olan konqresmen Ceyk Oçinkloss Trampın İranla sövdələşmək cəhdinin fəlakətli səhv olduğunu bildirib.

NATO-nun formalaşmaqda olan yeni dünya nizamının tələblərinə cavab vermədiyi, buna görə ABŞ-ın yeni təhlükəsizlik sisteminə ehtiyacı olduğu haqda çoxsaylı məqalələr yazılır, fikirlər irəli sürülür. Ceyk Oçinklossun “Təhlükəsizlik qövsü” ideyası hələlik onların ən mükəmməli və mötəbəridir.

Avropada da yeni təhlükəsizlik sistemi, yeni NATO arayışları var. Bu isə növbəti məqalənin mövzusudur.

Xaqani Cəfərli,
politoloq

Bizə qoşulun