Süni intellekt bir vaxtlar yalnız texnoloji nəhənglərin gündəmində idisə, bu gün artıq kiçik və orta biznesin də qapısını döyür. Qlobal əmək bazarında AI-nin yaratdığı dəyişikliklər sürətlə dərinləşir və Azərbaycan da bu transformasiyanın təsirindən kənarda qala bilməz. Avtomatlaşdırma, məlumat analizi və ağıllı qərarvermə sistemləri yerli iş dünyasında tədricən tətbiq olunmağa başlayır. Lakin bu keçid təkcə texnologiya məsələsi deyil – o həm də struktur, kadr və hüquqi uyğunlaşma tələb edir. Azərbaycan şirkətlərinin bu prosesə nə qədər hazır olduğu, AI əsaslı biznes modellərinə keçid imkanları və dövlətin bu sahədəki strateji yanaşması yaxın illərdə iqtisadi dinamikaya birbaşa təsir göstərəcək.
Süni intellektin Azərbaycan əmək bazarına real təsiri artıq hiss olunurmu, yoxsa bu proses hələ ilkin mərhələdədir? Azərbaycan şirkətləri bu dəyişikliklərə nə dərəcədə hazırdır? Bizdə AI əsaslı biznes modellərinə keçid prosesi necə gedir? Dövlət səviyyəsində süni intellektin iqtisadi təsirlərinə qarşı adaptasiya strategiyası hazırlanırmı?

Mövzu ilə bağlı Medianews.az-a açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov deyib ki, Azərbaycan şirkətləri hələlik süni intellektdən geniş istifadə etmirlər.
Onun sözlərinə görə, daha çox, onlayn təqdim olunan süni intellekt xidmətlərindən faydalanırlar: “O cümlədən müəyyən hesabatların hazırlanması, eyni zamanda müəyyən kommunikasiyanın reallaşması ilə bağlı. Amma təbii ki, şirkətlərdə süni intellektdən istifadə olunması vacibdir. Çünki süni intellektdən istfadə olunması həm də daha innovativ məhsulların təklif olunmasına imkan yaradır. Bu konteksdə Azərbaycan şirkətlərinin süni intellektdən daha intensiv şəkildə istifadə olunması məqsədə uyğundur”.
V.Bayramov vurğulayıb ki, burada məşğulluğun da nəzərə alınmasına ehtiyac var: “Ümumiyyətlə qiymətləndirmə ondan ibarətdir ki, süni intellektdən daha sıx istifadə olunması məşğulluğa neqativ təsir göstərə bilər. Xüsusən də bəzi iş yerlərinin qlobal olaraq artıq bağlanması müşahidə olunur. Amma bu balansın tapılması həm süni intellektdən istifadə olunması, həm də məşğul vətəndaşlarımızın iş yerinin qorunması vacibdir. Bu istiqamətdə də birmənalı şəkildə şirkətlərimiz tərəfindən daha sterili siyasətin həyata keçirilməsinə ehtiyac var”.
Nailə Qasımova,
Medianews.az