Medianews.az
CHP-dən gözlənilməz addım:
72 baxış

CHP-dən gözlənilməz addım: 22 deputat istefa verə bilər

CHP lideri Özgür Özel “əlavə seçki” planı ilə Türkiyə siyasətində diqqət çəkən addım atıb.

Medianews.az xəbər verir ki, Özel bu məsələni müzakirə etmək üçün Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşəcəyini açıqlayıb.

Məlumata görə, plan çərçivəsində CHP-dən 22 millət vəkilinin istefa verməsi ilə parlamentdə boş yerlərin sayı 30-a çatdırıla bilər. Bu isə Konstitusiyaya əsasən əlavə seçkilərin keçirilməsi üçün tələb olunan minimum say hesab olunur.

Hazırda TBMM-də 8 boş yer var və əgər CHP-dən 22 deputat istefa verərsə, əlavə seçkilərin keçirilməsi mümkün olacaq. Bildirilir ki, parlament bu vəziyyəti qəbul edərsə, seçki prosesi 3 ay ərzində başlaya bilər.

Özgür Özel açıqlamasında bildirib ki, məqsəd seçki qutusunu xalqın qarşısına gətirməkdir. O qeyd edib ki, ümumi seçkilərin keçiriləcəyi təqdirdə yerli seçkilərin də eyni vaxtda keçirilməsi təklif oluna bilər.

Özəlin bu addımı Ankara siyasi dairələrində geniş müzakirələrə səbəb olub. Türkiyə mediası bu planı “parlamentdə 30 yeri boşaldaraq əlavə seçkilərə məcbur etmək taktikası” kimi qiymətləndirir.

Medianews.az

Bizə qoşulun