ABŞ-də bloger baxış sayı toplamaq üçün ağlasığmaz addım atıb. O, 26 yaşlı kanadalı model Sese Rouzu tilov ipinə bağlayaraq, akulalar üçün yem kimi suya atıb.
Medianews.az xəbər verir ki, hadisə Florida ştatında baş verib. "TooTurntTony" ləqəbli məşhur bloqer Entoni Dausonun təhlükəli çağırışında iştirak etməyə razılaşan modelin bədəninə, yırtıcıları cəlb etmək üçün ölü balıqlar da bağlanıb.
Suya endirilən gənc qız böyük təhlükə ilə üzləşib. Akulalardan biri yemi qaparaq modeli suyun altına çəkib. Sese Rouzun sözlərinə görə, o, təxminən iki dəqiqə suyun altında qalıb və çarəsizlikdən kömək üçün qışqırıb. Hadisədən sonra dəhşətli qorxu keçirən model bu riskin tamamilə lazımsız olduğunu bildirib.
Əvvəllər də dəniz heyvanlarına qarşı qəddar rəftarına görə qanunla problemlər yaşayan bloqer isə etdiyi əmələ qəribə bəraət qazandırıb. O, şounun uğursuz alındığını və növbəti dəfə "daha kiçik yem" istifadə etməli olduğunu deyib. Bloqer həmçinin hadisə zamanı nə insanların, nə də akulaların zərər çəkdiyini iddia edib.
Video qısa müddətdə 10 milyondan çox baxış toplasa da, sosial mediada kəskin tənqid atəşinə tutulub. İzləyicilər və təbiət mühafizəçiləri bloqeri həm insan həyatını təhlükəyə atmaqda, həm də akulalarla qəddar rəftarda ittiham ediblər. Belə ki, bloqer akulaları qayığa çıxarıb, hətta uşaqların onların üzərinə minməsinə şərait yaradıb.
Medianews.az