Medianews.az
Silahlı kürdlərin İrana yeridilməsi:
164 baxış

Silahlı kürdlərin İrana yeridilməsi: “Nyu-York Tayms”ın yazdıqları

“İraqda yerləşən, ABŞ-a yaxın mövqeyi ilə tanınan, iranlı kürdlərdən ibarət olan silahlı qruplar İrana yeritmək üçün xüsusi dəstələr hazırlayır”. Medianews.az-ın məlumatına görə, ABŞ-nin “Nyu-York Tayms” qəzetində dərc edilmiş məqalədə belə deyilir.

Məqaləni uzun illərdir ABŞ kəşfiyyatı və beynəlxalq təhlükəsizlik məsələlərini işıqlandıran jurnalist Culian E.Barns yazıb. Məqalənin hazırlanmasında ona “Nyu-York Tayms”ın vizual araşdırmalar qrupunun üzvü Kristian Triebert, redaktor Pərin Bəhruz və qəzetin BMT bürosunun rəhbəri Fərnaz Fəssihi kömək ediblər.

Məqalədə İraq rəsmilərinə və iranlı kürdlərdən ibarət təşkilatların məsul şəxslərinə istinadla vurğulanır ki, silahlı kürdlərin İrana yeridilməsi onsuz da genişlənən münaqişədə yeni cəbhə aça bilər: “Məlumata görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi hələ bu il fevralın sonu İranla müharibəyə başlamazdan qabaq gizli proqram tərtib edib və bu proqram çərçivəsində İraqdakı iranlı kürd qüvvələrinə yüngül silahlar verib. Proqramın məqsədi İranı zəiflətmək və sabitliyi pozmaq olub.

Bununla belə, Ağ evin sözçüsü prezident Donald Trampın kürdlərin İranda silahlı üsyana başlamasına razılıq verdiyi barədə xəbərləri təkzib edib. Sözçü bildirib ki, bu iddialar tamamilə yalandır.

ABŞ və İsrail fevralın 28-dən İranı bombardman edir. Hücumlar nəticəsində ölkənin ali dini rəhbəri və digər yüksək vəzifəli şəxslər öldürülüb. İranın müxtəlif bölgələrinə, o cümlədən İran-İraq sərhədi yaxınlığında yerləşən hökumət və təhlükəsizlik obyektlərinə zərbələr endirilib.

Məlumata görə, döyüşlərin genişləndiyi bir vaxtda ABŞ rəsmiləri kürd qüvvələrinin İrana mümkün müdaxiləsinin hərbi baxımdan nə dərəcədə faydalı ola biləcəyini müzakirə edirlər.

Vaşinqtonun kürdlərə belə bir əməliyyatda kömək etməsi müharibənin gedişində gözlənilməz dönüş yarada bilər. Müdaxilə kifayət qədər genişmiqyaslı olsa, İran ordusu öz bölmələrini həmin istiqamətə yönəltmək məcburiyyətində qala bilər. Bu isə ABŞ və ya İsrail aviasiyasına o istiqamətə yönəlmiş İran hərbçilərini hədəfə almaq üçün əlavə imkan yarada bilər”.

Məqalədə bildirilir ki, ABŞ-nin İraq və Suriyada kürd silahlı dəstələri ilə əməkdaşlığının uzun tarixi var: “Bununla yanaşı, Vaşinqtonun kritik məqamlarda kürdləri tək qoyması barədə də geniş yayılmış fikir mövcuddur. Türkiyə, Suriya, İraq və İran ərazilərinə yayılmış kürd xalqı regionun ən böyük dövlətsiz etnik qruplarından hesab olunur.

1991-ci ildə Körfəz müharibəsindən sonra ABŞ İraqda kürd üsyanını təşviq etmişdi. Lakin daha sonra Vaşinqton İraq ordusunun kürd qüvvələrini amansız şəkildə məhv etməsinə mane olmamışdı”.

Medianews.az

Bizə qoşulun