Son illərdə restoran və kafelərdə səhər yeməyi setlərinə maraq xeyli artıb. Bir çox məkan “2 nəfərlik” adı ilə təqdim etdiyi menyularda əslində daha çox insanın yeyə biləcəyi qədər qida servis edir. Bəzən həmin setlər 4-5 nəfərə belə kifayət edəcək həcmdə olur.
Medianews.az xəbər verir ki, mütəxəssislər bu vəziyyətin qida israfını artırdığını bildirirlər. Onların sözlərinə görə, müştərilər artıq qalan yeməkləri paket etdirməyə çəkinir və bunu uyğun qarşılanmayacağını düşünürlər. Nəticədə süfrədə xeyli miqdarda yemək istifadə olunmadan qalır.
Bəzi setlərdə təqdim edilən məhsullar masaya soyumuş şəkildə gətirilir və istehlak üçün ideal olmur. Buna baxmayaraq, bir çox müştəri narazılığını açıq şəkildə ifadə etmir. Belə hallarda yeməklərin yalnız bir hissəsinin dadına baxılır, qalanı isə masada qalaraq tullantıya çevrilir.
Mütəxəssislərin fikrincə, həm restoranlar porsiyalara yenidən baxmalı, həm də insanlar artıq qalan qidanı paket etdirməyi adi hal kimi qəbul etməlidirlər. Çünki dünyada milyonlarla insan aclıqdan əziyyət çəkdiyi bir vaxtda qida israfı ciddi sosial problem olaraq qalır.