Medianews.az
Sərkisyan 28 il əvvəl Elxan Şahinoğluna nə demişdi? –
152 baxış

Sərkisyan 28 il əvvəl Elxan Şahinoğluna nə demişdi? – XATIRLATMA

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan baş nazir Nikol Paşinyanın parlament seçkilərində müxalifətin qalib gələcəyi təqdirdə sentyabr ayında Azərbaycanla yeni müharibə riski ilə bağlı səsləndirdiyi fikrə sərt reaksiya verib.

Sərkisyan jurnalistlərə açıqlamasında Paşinyanın iddialarının əsassız olduğunu bildirib. Yəni Sərkisyan demək istəyib ki, o, hakimiyyətə gələrsə Azərbaycanla müharibəyə başlamayacaq.

Məsələ ilə bağlı Medianews.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu xatırladıb ki, 1998-ci ildə beynəlxalq təşkilatların xətti ilə İrəvanda olarkən o zaman daxili işlər və milli təhlükəsizlik naziri işləyən Serj Sərkisyanla görüşüb: “Görüşdə onun işğal altındakı ərazilərin azad olunması məqsədilə vasitəçilərin hazırladıqları “mərhələli həll planına” münasibətini öyrənmişdim. Bu gün Azərbaycanla müharibə ehtimalını inkar edən Sərkisyan 28 il əvvəl Dağlıq Qarabağ ətrafındakı əraziləri boşaltmayacaqlarını qətiyyətlə söyləmişdi. O, prezident olduğu illərdə bu “siyasətinə” sadiq qaldı, hətta Belarus prezidenti Aleksandr Lukaşenkonun Kollektiv Təhükəsizlik Müqaviləsi Təşkilatının İrəvanda keçirilən sammitində “Serj, boş olan 5 rayonu Azərbaycana qaytar” təklifinə “Əgər mən həmin rayonları qaytarsam, Azərbaycan yolları kəsəcək və Qarabağı "işğal" edəcək” demişdi.

Sərkisyanı baş nazir kreslosunda əvəz edən Paşinyan da eyni yolla getmək istədi. Müharibə reallıqları dəyişdi. Hazırda Paşinyan ağıllansa da, Sərkisyanın və keçmiş dostu Robert Köçəryanın ağıllandığını söyləmək çətindir. Bu cütlük indi Qarabağ barədə açıqlama verməkdən çəkinsə də, Azərbaycanla sülh quruculuğunu necə davam etdirəcəklərini bilmir”.

Toğrul Əli, 
Medianews.az

Bizə qoşulun