Qidalanma mütəxəssisləri sarı və qırmızı moruğun qida dəyəri baxımından fərqlərini açıqlayıblar.
Medianews.az xəbər verir ki, yay aylarında ən çox istehlak edilən giləmeyvələrdən olan moruğun sarı və qırmızı növləri təkcə rənginə görə deyil, tərkibindəki faydalı maddələrə görə də bir-birindən fərqlənir.
Bildirilib ki, qırmızı moruq meyvələrə qırmızı və bənövşəyi rəng verən antosianin adlı polifenol piqmenti ilə zəngindir. O, həmçinin yüksək antioksidant təsirə malik ellag turşusu, ellagitaninlər, C vitamini və müxtəlif fitonutrientlər ehtiva edir. Bu səbəbdən qırmızı moruq antioksidant baxımından daha üstün hesab olunur.
Sarı moruq isə qırmızı növlə müqayisədə daha az antosianin ehtiva etsə də, lif, üzvi turşular, C vitamini, manqan və karotinoidlərlə zəngindir. Bu xüsusiyyətləri sayəsində orqanizmi müxtəlif mikroelementlərlə təmin edir.
Mütəxəssislər qeyd edirlər ki, sağlam qidalanmaq üçün bu iki növdən birini seçmək əvəzinə, hər ikisini rasiona daxil etmək daha məqsədəuyğundur. Fərqli rəngli meyvələrin birlikdə istehlakı orqanizmin daha geniş spektrdə faydalı maddələr qəbul etməsinə kömək edir.//Axşam.az