Medianews.az
"Qalatasaray"ın İngiltərə səfəri başlayır:
138 baxış

"Qalatasaray"ın İngiltərə səfəri başlayır: 3 transfer hədəfi müəyyənləşdi

"Qalatasaray"ın Türkiyə Super Liqasının 2025/26 mövsümünü başa çatmasına bir həftə qalmış çempion kimi tamamlayacağını rəsmiləşdirib. Ardıcıl 4-cü çempionluğunu qazanan "sarı-qırmızılılar" gələn mövsüm UEFA Çempionlar Liqasında ən azı 1/4 final mərhələsinə yüksəlməyi hədəfləyir.

Medianews.az xəbər verir ki, bu məqsədlə yeni mövsüm üçün heyət planlamasına başlayan İstanbul təmsilçisinin əsas transfer strategiyası da müəyyənləşib.

Heyətini ən azı bir mərkəz müdafiəçisi ilə gücləndirmək istəyən "Qalatasaray" diqqətini İngiltərəyə yönəldib. Klub uzun müddətdir transfer gündəmində olan Vircil van Deyki heyətinə qatmaq məsələsində bu dəfə daha qətiyyətli görünür.

İngiltərə mətbuatının iddiasına görə, tərəflər artıq razılıq əldə edib. "Qalatasaray” rəhbərliyinin 34 yaşlı müdafiəçi ilə illik maaş və digər detallarla bağlı ortaq məxrəcə gəldiyi bildirilir. Hazırda "Liverpul” ilə "Qalatasaray” arasında transfer haqqı üzrə danışıqların davam etdiyi vurğulanır.

Vircil van Deyk sosial şəbəkələrdə də mesaj verməyə davam edir. Bir müddətdir "Qalatasaray”la əlaqələndirilən təcrübəli futbolçu son olaraq Niderland millisindən komanda yoldaşı Noa Lanqın "Qalatasaray"da çempionluq paylaşımlarına alov emojisi ilə şərh yazıb və bəyənmə edib.

"Qalatasaray” Manuel Uqarte transferindən vaz keçmir. Klubun qış fasiləsində də heyətinə qatmaq istədiyi, lakin alınmayan uruqvaylı dayaq yarımmüdafiəçisinin yayda "Mançester Yunayted”dən ayrılma ehtimalı prosesin yenidən başlamasına səbəb olub.

Lukas Torreyra ilə yanaşı daha güclü orta xətt qurmaq istəyən sarı-qırmızılılar, Uqartenin müsbət siqnal verməsindən sonra razılıq zəmini axtarmağa başlayıb. 25 yaşlı futbolçu ilə aparılan danışıqlarda problem yaşanmadığı, klubun isə "Mançester Yunayted”in tələb edəcəyi məbləği gözlədiyi bildirilir. Əgər tələb olunan transfer haqqı yüksək olarsa, "Qalatasaray” futbolçunu icarəyə götürmək variantını da nəzərdən keçirəcək.

Baş məşqçi Okan Buruk Torreyra-Uqarte-Lemina üçlüsündən ikisini əsas heyətdə istifadə etməyi planlaşdırır. Xüsusilə Mario Leminanı joker rolunda istifadə etməklə daha dinamik orta xətt qurmaq istədiyi qeyd olunur.

Kluba yaxın mənbələrin məlumatına görə, hazırda reallaşmağa ən yaxın transfer Manuel Uqartedir.

Təkcə "Qalatasaray”ın deyil, həm Türkiyədən, həm də Avropadan bir çox klubun maraq göstərdiyi Bernardo Silva üçün İstanbul təmsilçisi ciddi maliyyə təklifi hazırlayıb. Dires Mertensin gedişindən sonra həll olunmayan hücumameyilli yarımmüdafiəçi problemini aradan qaldırmaq istəyən klub, portuqaliyalı ulduza illik təxminən 15 milyon avro maaş təklif edib.

"Mançester Siti”yə ayrılıq mesajı verən və transfer haqqı problemi olmayan 31 yaşlı futbolçunun "Qalatasaray”ın təklifini dəyərləndirməyə başladığı bildirilir. Silvanın ilk növbədə "Barselona”dan xəbər gözlədiyi qeyd olunur.

Əgər "Barselona” Bernardo Silva transferi üçün kifayət qədər maaş büdcəsi ayırmasa və geri addım atsa, "Qalatasaray” bu keçiddə ön plana çıxa bilər.

Uzun illər Pep Qvardiolanın rəhbərliyi altında "Mançester Siti” forması ilə həm İngiltərədə, həm də Avropada uğurlar qazanan Bernardo Silvanın xüsusilə Çempionlar Liqasında "Qalatasaray”ın səviyyəsini yüksəldəcəyinə inanılır.//Qaynarinfo 

Bizə qoşulun