"Bu gün insanların rifah halını yaxşılaşdırmaq üçün sosial siyasət daha dəqiq aparılır. Yəni vaxtilə bu sahədə olan pozuntular aradan qaldırılır, ədalətsizliklər aradan qaldırılır, şəffaf mexanizm tətbiq olunur. Bu, bizə imkan verib ki, biz bir neçə ciddi sosial islahat paketi icra etmişik, daha doğrusu, son yeddi il ərzində 5 sosial islahat paketi icra edilmişdir".
Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.
"Bu islahatların əhatə dairəsi 4 milyon insandır və təqribən 8 milyard manata yaxın olan vəsaitdir. Təkcə keçən il 1,4 milyard büdcə vəsaiti bu məqsədlər üçün xərclənib. Yəni maaşlar, pensiyalar, müavinətlər müntəzəm olaraq artırılır, pensiyalar indeksləşdirilir.
Əlbəttə, istərdik ki, daha da çox olsun. Amma bir atalar sözü var: "Gərək ayağını yorğanına görə uzadasan". Yenə də deyirəm, biz heç vaxt populizmlə məşğul olmamışıq, heç vaxt həlli mümkün olmayan vədlər verməmişik, heç vaxt gələcək nəsilləri borca salmaq üçün haradansa böyük məbləğdə pul alıb onu paylamamışıq. Biz strateji inkişafla bağlı tam, necə deyərlər, aydın mənzərəyə sahibik. Ona görə ölkə iqtisadiyyatı inkişaf etdikcə, ölkənin valyuta ehtiyatları artdıqca, əlbəttə ki, sosial sahəyə daha da böyük vəsait ayrılacaq", - İlham Əliyev qeyd edib.