Medianews.az
Prezident bu məmura sonuncu xəbərdarlığını etdi
1,033 baxış

Prezident bu məmura sonuncu xəbərdarlığını etdi

Xəbər veridiyimiz kimi, avqustun 29-da Prezident İlham Əliyev Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadəyə şiddətli töhmət elan edilməsi haqda sərəncam imzalayıb.

Medianews.az bildirir ki, şiddətli töhmət intizam tənbehlərindən biridir. Orxan Hüseynzadəyə şiddətli töhmət elan edilməsi ona intizam tənbehi verilməsi deməkdir.

İntizam tənbehlərinin verilməsi Əmək Məcəlləsi ilə tənzimlənir. Məcəllədə şiddətli töhmətdən başqa töhmət kimi intizam tənbehi də var.

Bəs şiddətli töhmətlə töhmətin fərqi nədədir?

Şiddətli töhmət sonuncu xəbərdarlıqla verilən intizam tənbehidir. Yəni avqustun 29-da Orxan Hüseynzadəyə elan edilən şiddətli töhmət Prezident İlham Əliyevin Ağdaş Rayon İcra Hakimiyyətinin başçısına sonuncu xəbərdarlığıdır.

Prezidentin 29 avqust sərəncamında qeyd olunduğu kimi, icra başçısına işində yol verdiyi ciddi nöqsanlara görə şiddətli töhmət elan edilib.

Əmək Məcəlləsinə əsasən, işçinin törətdiyi xətanın dərəcəsinə uyğun olaraq ona birbaşa şiddətli töhmət elan edilə bilər. Yəni şiddətli töhmətdən öncə töhmətin verilməsi mütləq deyil.

Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndi ölkə Prezidentinə Milli Məclisin və məhkəmə orqanlarının səlahiyyətlərinə aid edilməyən məsələləri icra qaydasında həll etmək səlahiyyəti verir. Prezidentin vəzifəyə təyin etdiyi şəxslərə intizam tənbehi verməsi də məhz Milli Məclisin və məhkəmə orqanlarının səlahiyyətlərinə aid edilməyən, icra qaydasında həll olunan məsələlər sırasına daxildir.

1983-cü il təvəllüdlü Orxan Hüseynzadə 2024-cü ilin noyabrından Ağdaş Rayon İcra Hakimiyyətinin başçısıdır.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun