Pakistanın Bəlucistan əyalətində “Bəlucistan Azadlıq Ordusu” (BLA) separatçı qruplaşması tərəfindən həyata keçirilən genişmiqyaslı terror aktları nəticəsində gərginlik pik həddə çatıb.
Medianews.az “The Pakistan Times”a istinadla xəbər verir ki, yanvarın 31-i səhər saatlarından etibarən əyalətin 12 fərqli nöqtəsində, o cümlədən əyalətin paytaxtı Kvetta, Mastunq, Qvadar, Pasni və Turbat şəhərlərində hücumlar qeydə alınıb.
Hadisələr zamanı azı 10 təhlükəsizlik əməkdaşı və 5 mülki şəxs (o cümlədən qadın və uşaqlar) həlak olub. Mastunq rayonunda terrorçuların həbsxanaya hücum edərək 30-dan çox məhbusu qaçırdığı bildirilir.
Bəlucistanın Baş naziri Sərfraz Buqti əməliyyatların gedişi ilə bağlı mühüm rəqəmləri açıqlayıb:
“Son 24 saat ərzində 58 silahlı məhv edilib, ümumilikdə isə son iki gündə keçirilən əməliyyatlarda öldürülən terrorçuların sayı 70-ə çatıb.
Baş nazir sözügedən hücumların arxasında Hindistanın dayandığını və terrorçuların xaricdən dəstəkləndiyini iddia edib.
Qeyd edək ki, Hücumlar nəticəsində dəmir yolu xətləri zədələnib, Bəlucistanla ölkənin digər hissələri arasında qatarların hərəkəti dayandırılıb. Eyni zamanda bölgədə mobil rabitə və internet xidmətlərində ciddi kəsintilər yaranıb.