“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda təlimlərin növbəti mərhələsi təşkil olunub.
Medianews.az xəbər verir ki, təlimin dördüncü günündə ustad dərslərini “Media FM” radiostansiyasının təsisçisi Rüstəm Əliyev, Əməkdar artist, nitq mədəniyyəti üzrə mütəxəssis Sevda Ağazadə, Əməkdar jurnalist, APA Jurnalist Məktəbinin rəhbəri Qabil Abbasoğlu keçib. Bu dəfə təlim “Uğurlu kommunikasiya: səlis nitq və sərlövhə yaradıcılığı” mövzusuna həsr olunub.
Təlim çərçivəsində Rüstəm Əliyev jurnalistikanın əsas vasitəsinin dil olduğunu vurğulayaraq dili qorumaq üçün əvvəlcə onu mükəmməl bilməyin lazım olduğunu qeyd edib. O, Azərbaycan dilinə fars və ərəb dillərinin təsirinin böyük olduğunu, milli söz ehtiyatının qorunmasının və unudulmuş ifadələrin yenidən mediaya qaytarılmasının vacibliyini diqqətə çatdırıb.
Çıxışda, həmçinin Azərbaycan dilinin mövcud vəziyyəti, lüğət ehtiyatımızın zənginliyi və dilin strukturunun qorunmasının vacibliyi məsələlərindən də danışılıb.
Əməkdar artist, nitq mədəniyyəti üzrə mütəxəssis Sevda Ağazadə isə “Gözəl səs və səlis danışıq – uğura aparan yol” mövzusunda iştirakçılara məlumat verib. O, səsin gözəl səslənməsi üçün hərflərin düzgün tələffüzünün mühüm rol oynadığını qeyd edib.
Təlimdə düzgün nitq üçün nəfəs texnikalarının əhəmiyyəti vurğulanıb, dörd əsas nəfəs üsulu iştirakçılara izah edilib. Səsin keyfiyyətli olması üçün düzgün nəfəsin vacib olduğu bildirilib.
Əməkdar jurnalist, APA Jurnalist Məktəbinin rəhbəri Qabil Abbasoğlu “Sərlövhə yaradıcılığı” mövzusu haqqında danışıb. O qeyd edib ki, uzun illər ərzində rastlaşdığı ən ciddi problemlərdən biri sərlövhənin yaradılması olub. Cəmiyyətin fasiləsiz informasiya axını içində qaldığını və medianın vətəndaş jurnalistikası ilə ciddi rəqabət mühitinə daxil olduğunu bildirib. Qabil Abbasoğlu bu şəraitdə medianın əsas silahının düzgün seçilmiş sərlövhə olduğunu vurğulayıb.
Çıxışda yarımbaşlıqların əsasən axtarış motorları üçün nəzərdə tutulması, onların 60 işarədən artıq olmaması və açar sözlərdən ibarət seçilməsi barədə də məlumat verilib.
Qeyd edək ki, keçirilən təlimlərin əsas məqsədi media mühitində Azərbaycan dilinin düzgün, səlis və ədəbi norma çərçivəsində istifadəsinin təşviq olunmasıdır.