Türkiyədə tanınmış sosial media fenomeni Mika Raun Can saxlanılıb.
Medianews.az xəbər verir ki, o, iki maddə üzrə ittiham olunur.
İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Mika Raun Can “ictimaiyyət arasında nifrət və düşmənçiliyi qızışdırmaq” və “narkotik və ya stimullaşdırıcı maddələrdən istifadə” ittihamları ilə nəzarətə götürülüb.
Məlumata görə, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bölməsinin əməkdaşları tərəfindən saxlanılan fenomen hazırda İstanbul Polis İdarəsinə aparılıb və onunla bağlı prosessual araşdırmalar davam etdirilir. Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən əlavə açıqlama verilməyib.
Mika Raun Can sosial mediada, xüsusilə TikTok platformasında paylaşdığı qısa videolarla geniş auditoriya toplayıb. O, gündəlik həyatını, yumoristik məzmunları, həmçinin keçirdiyi estetik və cinsiyyət dəyişdirmə prosesini açıq şəkildə paylaşması ilə tez-tez gündəmə gəlib və sosial şəbəkələrdə müzakirə mövzusu olub.
Qeyd edək ki, fenomen 9 iyul 2001-ci ildə İstanbulun Büyükada bölgəsində anadan olub.
Faktla bağlı istintaq tədbirləri davam edir.
Medianews.az

