Vyetnamdan Taylanda uçan sərnişin təyyarəsində baş verən qalmaqallı hadisə uçuş zamanı panika yaradıb.
Medianews.az xəbər verir ki, rusiyalı bir sərnişin əsəb pozğunluğu keçirərək alt paltarına qədər soyunub, salonda qışqırmağa başlayıb və təyyarədən tullanmaqla hədələyib.
Hadisə "AirAsia" aviaşirkətinə məxsus reysdə qeydə alınıb. Şahidlərin sözlərinə görə, sərnişin qəfil yerindən qalxaraq aqressiv davranışlar sərgiləyib, stüardessalara qışqırıb və təyyarənin qapısının açılmasını tələb edib. O “Mənə toxunmayın!” və “Qapını açın!” deyə bağırıb.
Yaranmış təhlükəli vəziyyət səbəbindən pilotlar təyyarəni Banqkoka təcili endirmək qərarı veriblər. Lakin insident enişdən sonra da davam edib. Təyyarə uçuş-enmə zolağına endikdən sonra sərnişin qapını zorla açaraq, təhlükəsizlik pilləkənləri quraşdırılmadan birbaşa zolağa tullanıb.
Tullanma zamanı ayağından xəsarət alan şəxs hadisə yerinə gələn Tayland polisi tərəfindən saxlanılıb.
Hazırda Tayland polisi hadisə ilə bağlı araşdırma aparır.
Medianews.az


