İstanbulun Beylikdüzü rayonunda silahlı hücum nəticəsində 48 yaşlı mühafizəçi ağır yaralanıb.
Medianews.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə gecə saat 02:30 radələrində Adnan Kahveci məhəlləsində, İhlamur küçəsində yerləşən yaşayış kompleksinin girişində baş verib.
Məlumata görə, maskalı bir şəxs binanın qarşısına gələrək növbədə olan özəl mühafizəçi M.F.Ö.-yə qəfil atəş açıb.
Şübhəli silahdan dəfələrlə atəş açaraq mühafizəçini ağır yaralayıb. Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə polis və təcili yardım briqadaları cəlb olunub. İlk tibbi yardım göstərilən yaralı xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu və həyatının təhlükədə qaldığını bildiriblər.
Polisin apardığı ilkin araşdırmalar zamanı hücum edən şəxslə mühafizəçi arasında şəxsi ədavətin olduğu müəyyən edilib. Hadisə yerində sübutların toplanması işləri aparılır, qaçan şübhəlinin saxlanılması üçün əməliyyat davam etdirilir.
Silahlı hücum anı yaşayış kompleksinin təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə şübhəlinin girişə yaxınlaşaraq mühafizəçini hədəf alması və ard-arda atəş açması aydın görünür.
Bina rəhbərliyi isə hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Medianews.az