Meksikada canlı televiziya proqramı zamanı gözlənilməz insident yaşanıb.
Medianews.az xəbər verir ki, keçmiş WWE çempionu efirdə əsəbiləşərək studiyadakı qonaqlara və işçi heyətinə hücum edib, nəticədə yayım yarımçıq dayandırılıb.
Televiziya verilişinə qonaq qismində qatılan keçmiş peşəkar güləşçi naməlum səbəbdən qəfil aqressivləşib. Canlı yayım davam edərkən ayağa qalxan idmançı əvvəlcə studiyadakı qonaqlara, daha sonra isə çəkiliş qrupuna hücum edib.
Hadisə zamanı studiyada panika yaranıb, əməkdaşlar təhlükəsizliyi təmin etmək üçün yayımı dərhal kəsməyə məcbur olublar. Təhlükəsizlik işçiləri keçmiş çempionu çətinliklə nəzarət altına ala biliblər.
Məlumata görə, insident nəticəsində bəzi şəxslər yüngül xəsarət alıb. Lakin rəsmi qurumlar tərəfindən hadisənin səbəbləri və zərərçəkənlərin vəziyyəti ilə bağlı hələlik ətraflı açıqlama verilməyib.
Hücum anlarının görüntüləri sosial mediada sürətlə yayılaraq geniş müzakirələrə səbəb olub. İstifadəçilər canlı efirdə baş verən zorakılığı kəskin tənqid edərək bu cür halların qəbuledilməz olduğunu bildiriblər.
Faktla bağlı araşdırma aparılır.
Medianews.az