Xəbər verdiyimiz kimi, Türkiyədə sosial media fenomeni Merve Taşkın barəsində həbs qərarı çıxarılıb.
Medianews.az-ın məlumatına görə, o isə ölkəni tərk edərək Balidə olduğunu bildirib və ittihamları qəbul etmədiyini açıqlayıb.
Sosial şəbəkələrdə paylaşdığı məzmunlara görə uzun müddətdir müxtəlif araşdırmalarla üzləşən Taşkın haqqında hüquqi tədbir görülüb. Həbs qərarından sonra fenomen xaricdən açıqlama yayaraq özünü günahsız hesab etdiyini bildirib.
Sosial media hesabında paylaşım edən Taşkın qeyd edib ki, Türkiyəyə qayıdacağı təqdirdə yalnız ifadəsi alınmalı və sərbəst buraxılmalıdır. Onun sözlərinə görə, illərdir oxşar proseslərlə qarşılaşır və hər dəfə dindirildikdən sonra azadlığa buraxılır.
“İnanıb-inanmadığınızı bilmirəm, amma mən günahkar deyiləm. Əgər ədalətli sistem varsa, ifadəmi alıb yenə azad etməlidirlər”, – deyə o bildirib.
Taşkın həmçinin ölkəni tərk etməsinin səbəbini psixoloji təzyiq və davamlı istintaq prosesləri ilə əlaqələndirib. O, gecələr yata bilmədiyini, hər an saxlanılmaq qorxusu yaşadığını və bu vəziyyətin onu ciddi şəkildə yorduğunu vurğulayıb. Fenomen ad günü ərəfəsində birtərəfli bilet alaraq Türkiyədən getdiyini qeyd edib.
Sosial mediada ona yönələn tənqidlərə də sərt reaksiya verən Taşkın insanların əsassız ittihamlar səsləndirdiyini bildirib və “Mən Allaha güvənirəm” sözləri ilə açıqlamasını yekunlaşdırıb.
Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən əlavə məlumat verilməyib, araşdırmalar davam edir.
Medianews.az
