ABŞ dollarının dünyada üstünlüyünün zəifləyəcəyi barədə müzakirələr gündəmdədir. Prezident Donald Trampın Federal Ehtiyat Sisteminin müstəqilliyini əlindən almaq cəhdləri və Amerikanın bəzi müttəfiqlərinə qarşı yürütdüyü tarif siyasəti dolların gələcəyi ilə bağlı sualları artırıb.
Bəziləri hesab edirlər ki, ABŞ-da idarəçiliyə inamın azalması investorları dollarla ifadə olunan aktivlərdən, xüsusən də dövlət istiqrazlarından imtinaya sövq edəcək və nəticədə yeni beynəlxalq valyuta sistemi formalaşacaq.
Lakin Böyük Britaniyanın “Fayneşnl Tayms” (Financial Times) qəzeti yazır ki, bu yanaşma reallığı əks etdirmir.
Medianews.az-ın məlumatına görə, yanvarın 29-da qəzetdə dərc olunan “Dolların taxtdan salınacağına ümid bəsləməyin” başlıqlı məqalədə deyilir ki, ABŞ dollarının mövqeyi təkcə alternativin yoxluğu arqumentinə əsaslanmır: “Onun qlobal maliyyə sistemindəki mövqeyi düşündüyümüzdən qat-qat möhkəmdir.
Bu gün dünya mərkəzi banklarının valyuta ehtiyatlarının 56 faizi dollar aktivlərindən ibarətdir. Beynəlxalq ticarət, ölkələrarası bank kreditləri və istiqraz buraxılışlarında da dolların payı oxşar səviyyədədir. Valyuta bazarlarında isə əməliyyatların təxminən 90 faizi dolların iştirakı ilə həyata keçirilir. Məsələn, Malayziya rinqqitini Çili pesosuna dəyişmək istəyənlər adətən bu prosesi birbaşa aparmırlar, əvvəl rinqqiti dollara, sonra dolları pesoya çevirirlər”.
Məqalədə daha bildirilir ki, hətta bu faktorlar da dolların gücünü tam şəkildə əks etdirmir: “Daha dərin amil var: valyuta svopu bazarı”.
Maliyyə svopu iki tərəf arasında gələcək tarixlərdə pul axınlarını dəyişmək barədə razılaşma deməkdir. Əsas məqsəd riskdən qorunmaqdır. Svopda tərəflər valyutanı və ya faiz ödənişlərini müvəqqəti olaraq dəyişirlər. Bu mexanizm məzənnə və faiz risklərini sığortalamaq üçün istifadə olunur.
Valyuta svopu - maliyyə svoplarının ən geniş yayılmış növüdür. Valyuta svopu nədir? Məsələn, bir şirkətin dollarla gəliri var, amma xərcləri avrodadır. Şirkət bankla razılaşır: indi dolları avroya dəyişir, müəyyən müddətdən sonra isə əvvəlcədən razılaşdırılmış məzənnə ilə yenidən geri dəyişir. Beləliklə, məzənnə dəyişsə də, şirkət zərər görmür. Sadə dillə desək, valyuta svopu “indi dəyiş, sonra geri qaytar” prinsipi ilə riskdən qorunma alətidir.
“Fayneşnl Tayms” yazır ki, valyuta svopları qlobal maliyyə sistemində böyük rol oynayır və dolların mövqeyini gücləndirir: “Beynəlxalq banklar, sığorta və pensiya fondları, transmilli şirkətlər valyuta risklərindən qorunmaq üçün valyuta svopu mexanizmdən istifadə edir.
Məlumatlara görə, hazırda dünyada svop bazarında açıq mövqelərin həcmi 100 trilyon dolları keçir. Həmin həcmin 90 faizi dollara bağlıdır. Bu nəhəng sistemdən imtina edib başqa valyutaya keçmək son dərəcə çətin işdir”.
“Dolların taxtdan salınacağına ümid bəsləməyin” məqaləsində vurğulanır ki, bu faktlar dolların yaxın perspektivdə qlobal valyuta iyerarxiyasının zirvəsindən düşəcəyi iddialarını zəiflədir: “Dünya ABŞ-dan nə qədər narazı qalsa da, əks-dollarlaşma (dedollarizasiya) cəhdləri ciddi maneələrlə üzləşəcək”.
Məqalədə daha sonra xatırladılır ki, ABŞ-ın dollardan sanksiya aləti kimi istifadə etmək imkanlarının zəifləyəcəyi haqda da fikirlər səslənir: “Bu da inandırıcı deyil. Sanksiyalar məhz ona görə işləyir ki, dünya bankları dollarla əməliyyat aparmağa məcburdur. ABŞ istənilən bankı dollar sistemindən kənarlaşdırmaqla təhdid edə bilir və dollar beynəlxalq maliyyədə əsas rolunu qoruduqca bu alət təsirini itirməyəcək”.
Tramp administrasiyasının iqtisadi kursu ilə bağlı risklərə gəlincə, “Fayneşnl Tayms” bu risklərin real olduğunu qeyd edir: “Federal borcun sürətlə artması və Federal Ehtiyat Sisteminin zəiflədilməsi investorların ABŞ istiqrazlarını kütləvi şəkildə satışa çıxarması ilə nəticələnə bilər. Belə bir ssenari baş verərsə, böhran xeyli ağrılı ola bilər, çünki dollar dünyada mərkəzi rol oynayır. Lakin istiqrazlar kütləvi şəkildə satışa çıxarılsa belə, bu yenə ABŞ valyutasının qlobal sistemdən kənarlaşdırılacağı, qlobal sistemdə rolunu itirəcəyi anlamına gəlmir”.
Beləliklə, “Fayneşnl Tayms” yazır ki, Vaşinqtonun maliyyə silahının (dolların) sıradan çıxacağı illüziyasına qapılmaq yersizdir: “ABŞ dolları dünyanın əsas valyutası olaraq qalacaq”.