Medianews.az
Ölkəmizdə Ebola riski varmı? -
90 baxış

Ölkəmizdə Ebola riski varmı? - Rəsmi açıqlama

Ebola xəstəliyi Azərbaycan üçün endemik hesab edilmir və hazırda Azərbaycanda xəstəliyin yayılması riski aşağı qiymətləndirilir.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzindən bildirilib ki, xəstəlik əsasən Afrika qitəsinin müəyyən regionlarında qeydə alınır və lokal xarakter daşıyır.

Bildirilib ki, mövcud beynəlxalq məlumatlara əsasən epidemiyanın digər regionlara geniş miqyasda yayılma ehtimalı hazırda məhdud hesab olunur: "Virus heyvanların (meyvə yarasaları, insanabənzər meymunlar və s.), eləcə də yoluxmuş şəxsin qanı və digər bioloji mayeləri ilə sıx təmas zamanı ötürülür, gündəlik sosial təmas yolu ilə yayılmır. Bu səbəbdən əhali üçün real epidemioloji təhlükə aşağı qiymətləndirilir.

Ölkəmizdə mümkün risklərin qarşısının alınması məqsədilə epidemioloji nəzarət tədbirləri davamlı şəkildə həyata keçirilir. Riskli ölkələrdən gələn və ya yoluxmaya şübhəli şəxslərlə təmasda olmuş şəxslər üzərində tibbi müşahidə təşkil olunur. Xəstəliyə şübhə yarandığı hallarda laborator müayinələrin aparılması üçün Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində zəruri laborator baza və test sistemləri mövcuddur".

Qeyd olunub ki, hazırkı mərhələdə əhali üçün əlavə məhdudiyyət və ya xüsusi tədbirlərə ehtiyac yoxdur: "Vətəndaşlara yalnız beynəlxalq səfərlər zamanı ümumi gigiyena qaydalarına riayət etmək və rəsmi mənbələrin məlumatlarını izləmək tövsiyə olunur.

Səhiyyə Nazirliyi vəziyyəti beynəlxalq təşkilatlarla birgə daim izləyir və zərurət yaranarsa ictimaiyyətə operativ məlumat veriləcəkdir".

Qeyd edək ki, Afrika regionunda, xüsusən Konqo Demokratik Respublikasında ebola virusu yayılıb. Azərbaycanda ebolanın yayılma riskinin olub-olmaması cəmiyyətdə narahatlığa səbəb olub./milli.az

Bizə qoşulun