"Barselona"nın prezidenti Joan Laporta DÇ-2026-nın İspaniya-Argentina finalı öncəsi Lionel Messi və Lamin Yamal barədə diqqətçəkən fikirlər səsləndirib.
Medianews.az-ın məlumatına görə, Laporta bildirib ki, hər iki futbolçu klubun yetirməsi kimi onun üçün xüsusi qürur mənbəyidir.
"Messi də finala yüksəlib və buna çox sevinirəm. O, bizim qürurumuzdur. Messi keçmiş və bu gündür, Lamin isə bu gün və gələcəkdir. Klub prezidenti kimi bu iki futbolçunun yetişməsində payımızın olması inanılmaz hissdir", – deyə Laporta bildirib.
O, finalın milli komandalar səviyyəsində mümkün olan ən maraqlı qarşılaşmalardan biri olacağını vurğulayıb. Laportanın sözlərinə görə, Argentina daha aqressiv futbol nümayiş etdirir, İspaniya isə "Barselona" üslubuna yaxın, daha kombinasiyalı oyun sərgiləyir.
Qeyd edək ki, DÇ-2026-nın finalında Argentina və İspaniya üz-üzə gələcək. Matç iyulun 19-da ABŞ-da keçiriləcək.
Medianews.az