Medianews.az
Alternativ ssenari –
67 baxış

Alternativ ssenari – ayran reklamı

Mövzu gündəmdəykən, alternativ ssenari təklif edim, həm məsələyə yüngülvarı aydınlıq gəlsin, həm də məlum olsun ki, isterikaya qapılmağa, çox hövllənməyə lüzum yoxdur.

Söhbət başıbəlalı dondurma reklamından gedir. O necə dondurmadırsa, budur, bir həftədir, insanları gah yandırır, gah dondurur.

Cəncəldən çıxış yolu budur: qoy qadınlar da bənzər bir reklam çarxı çəksinlər, əvəz-əvəz olsun, qisas qiyamətə qalmasın. Çarx aşağıdakı ssenari üzrə çəkilə bilər:

“Kafe. Üzbəüz oturmuş oğlan (yaş 32-33) və qız (yaş 26-27). Bir-birinə baxırlar. Bu dəfə əks-cinsi müştəri gözüylə süzən qızdır. O düşünür: “Saçı bir az seyrəlib, amma keçəl deyil. Deyəsən, başının ortasına tük əkdirib. Aha, gicgahlarında ağ tük yoxdur. Demək, başını saç qaraldan şampunla yuyur”.

Kadr dəyişir, oğlan əlini saqqalına çəkir. Qız düşünür: “Saqqalı da sırf sol yanağındakı çapığı örtmək üçün saxlayır. Kim bilir, başına nə iş gəlib. Sol qolunda tatuaj da var. Qartal şəkli. Ya “Beşiktaş” azarkeşidir, ya da quşbeyindir. Qulaqları sınıqdır, demək, güləşə gedib. Qarnı var. Bu yaşda qarnı bu boydadırsa, demək, bu, qışda xaşyeyənlər, yayda pivəni vedrə ilə içənlər fəsiləsindəndir. 45 yaşa gələndə xaşalqarın olacaq. Qollarının tükü bu qədərdirsə, ayaqlarında iki o qədərdir. Demək, qıllıdır... Az danışır, güman ki, qatıqlamaqdan qorxur”.

Qız dilə gəlir: “Bəy, siz qatıq yeməyi sevirsiniz?” Oğlan duruxur və qətiyyətlə deyir: “Xeyr, mən ağartı məhsullarını sevmirəm”.

Qız kadrda iri planda görünür, o, cavabdan məyusdur. Birdən arxa planda daha yaraşıqlı bir gənc kafenin ofisiantına deyir: “Zəhmət olmasa, mənə bir parç ayran verin, içinə 4-5 kubik buz da atın”.

Ayran sifariş edən oğlanla qız göz-gözə gəlirlər və aralarında elektriklənmə baş verir. Qızın sifəti iri planda ekrana gəlir və o, üzünü tamaşaçılara tutub deyir: “Siz də ayran için. Ayran doyuran olmasa da, indi dövran ayranındır!”

SON”

Bax, belə bir ssenari. Kim istəyirsə, götürüb çəksin. Əlavə və düzəlişlər də edə bilər. Əsas odur ki, türk qövmünün dədə-baba içkisi ayran reklam olunsun. Bir də ölkənin kişi qisminin bu reklam çarxına reaksiyasına baxaq.

Görək, kimsə çıxıb “bu, kişilərin heysiyyətini alçaltmaq, onların bədəni üzərindən anti-kişi rəyi yaratmaqdır”, nə bilim, daha nələr söyləyəcəklərmi? Xor yaradaraq, reklam çarxını çəkənlərə deyəcəklərmi ki, get, atana, qardaşına, oğluna bax, gör, nə gündədirlər. Üzr tələb edəcəklərmi?

Orqanik süd məhsullarının bərəkətinə and olsun ki, bunların heç biri olmayacaq. Çarx tezliklə viral olacaq, kişilər bu reklam çarxına baxıb gülüşəcəklər, öz yaxın dost-tanışlarına göndərib məzələnəcəklər: “Orxan, səni deyirlər”; “Ülvi, sənin tatuajına ilişiblər”; “Anar, qulaqlar eynən səninkidir”, “Amil, pivə məsələsini onluqdan vurublar” və sair və ilaxır. Heç lağlağıya məruz qalanlar da cırnamayacaqlar, eləcə, güzgüyə baxıb deyəcəklər, düz deyirlər, gərək xaşı, pivəni azaldım, bu nə qarındır.

Yəni tənqidə, irada münasibət məsələsində cinslərin arasındakı fərq bu qədərdir. Tamam fərqli-fərqli qavrayış sistemi mövcuddur. Görünür, belə olmalıdır. Kişilər qadınlar kimi, qadınlar da kişilər tək düşünəndə, fikir bildirəndə xoşagəlməz situasiyalar, eybəcər mənzərələr yaranır.

Son vaxtlar dəb olub, qadınlar bütün sahələrdə kişilərlə ayaq uzatmağa çalışırlar. Mümkün deyil. Dəmiryol çəkərkən şpal döşəmək, santexnika ustası olmaq, daş karxanasında “KamAZ”-a mişar daşı yükləmək qadın işi deyil. Eyni zamanda qadın bərbəri, manikür ustası olmaq da kişi işi sayılmır.

Qadınların necə avtomobil sürdüyünü hər kəs bilir. Kimsə bu barədə nəsə deyəndə adamın az qala şalvarını çıxarır, qəza statistikasını gətirib gözünə soxurlar. Son vaxtlar ta heç km heç nə demir, amma hamı da gileylənir ki, belə də olmaz axı, 90-lıq magistralda düz yolun ortasıyıla 50 ilə sürürlər, həm də telefonla danışa-danışa.

Bu fikirdə həqiqət var, amma qadınların heç də hamısı sükan arxasında telefonla danışmır, mesaj yaza-yaza sürənlər də var. Onlar bu işdə kişilərdən üstündür. Kişi sürücülər elə edəndə ya dirəyə girirlər, ya da arxadan kimisə vururlar.

Xüləs, söhbət iki fərqli dünyadan, iki fərqli təfəkkür sistemindən gedir. Təmas nöqtələri çox, dinc, yanaşı yaşamaqdan başqa variant yox olduğu üçün kirimişcə tale ilə barışmaq lazımdır. Talehlə barışmaq da o cümlədən. O, təbiiliyi təbliğ etmək istəyirdi, süni intellekt imkan vermədi.

Samir SARI 

Bizə qoşulun