Medianews.az
Nüvə dövlətindəki prezident seçkisini millətçi qadın uda bilər
157 baxış

Nüvə dövlətindəki prezident seçkisini millətçi qadın uda bilər

Fransada prezident seçkisini ifrat sağ qüvvə kimi tanınan Milli Birlik Partiyasından Marin Le Pen uda bilər.

Medianews.az bildirir ki, 2018-ci ilədək Milli Cəbhə Partiyası adlanmış Milli Birlik Partiyası 1972-ci ildə siyasətçi Jan-Mari Le Penin liderliyi ilə yaradılıb. 2011-ci ildən quruma onun qızı Marin Le Pen başçılıq edib. 2022-ci ildən Jordan Bardella liderdir, ancaq əsas fiqur kimi Marin Le Pen qalır.

1968-ci il təvəllüdlü Marin Le Pen qatı millətçi, birləşmiş Avropa ideyasının əleyhdarıdır.

2027-ci ilin prezident seçkisinin birinci turu aprelin 18-nə, ikinci turu mayın 2-nə təyin olunub.

Prezident 5 ildən bir seçilir. Ardıcıl iki dəfədən artıq prezident postu tutmaq yasaqdır.

2017 və 2022-ci illərin seçkilərində Emmanuel Makron prezident mandatı alıb.

“Toluna Harris İnteractive” şirkətinin 7-8 iyulda 1837 seçici arasında keçirdiyi onlayn sorğunun nəticələrinə görə, Marin Le Pen ilk turda 35 faiz səs toplaya bilər.

İfrat solçu, Fəthedilməz Fransa Partiyasının lideri Jan-Lük Melanşon 16 faiz, sağ mərkəzçi Üfüqlər Partiyasının lideri, sabiq baş nazir Eduar Filipp 14 faiz, hakim komandaya bağlı İntibah Partiyasının lideri, sabiq baş nazir Qabriel Attal 8 faiz dəstəklə göstərilir.

İkinci turda Marin Le Penin şansı 51 faiz, Eduar Filippin şansı 49 faizdir.

Fransada hökumət həm prezident seçkisinin, həm də parlamentin aşağı palatasına - Milli Məclisə seçkinin nəticələri əsasında qurulur. İndiki Milli Məclis 2024-cü ilin yayında keçirilmiş növbədənkənar seçkidə formalaşıb. Prezidentə bağlı İntibah Partiyası və müttəfiqləri Milli Məclisdə azlıqda olsa da, hökumət formalaşdıra bilir.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun