Medianews.az
"Azərbaycanlı olsaydı "başını çoxdan bağlamışdım", nənə olmaq istəyirəm"
168 baxış

"Azərbaycanlı olsaydı "başını çoxdan bağlamışdım", nənə olmaq istəyirəm" - FOTO/ÖZƏL

"60 yaşıma qədəm qoydum. Bu mənim üçün çox özəl və yubiley yaşıdır. İlk təbriki Xalq artisti Nurəddin Mehdixanlıdan aldım. O məni saat 12-ni keçən kimi təbrik etdi. Mədəniyyət Nazirliyi, səfirlik, konsulluq, diasporadan zəng edib, təbriklərini çatdırdılar. Bu məni inanılmaz dərəcədə xoşbəxt edir. Sizin vasitənizlə onlara öz təşəkkürümü bildirirəm. Hər insan kimi mənim də arzularım var. Ən böyük arzularımdan biri övladlarımın çox yüksək yerlərdə olmasıdır. Əlbəttə ki, öncə sağlam olsunlar, sonra işlərində yüksəlsinlər. Bilirsiniz ki, qızım Memar Sinan Dövlət Konservatoriyasında pianoda oxuyur, oğlum isə operatordur, Amerikada reklamlar, kliplər çəkir. Ən böyük arzularımdan biri də Azərbaycan mədəniyyəti üçün etdiyim işlərin ən azı bundan sonra 10 qatını etməkdir. Azərbaycan mədəniyyətinin Türkiyədən başqa bütün ölkələrdə tanıdılması üçün tamaşalar hazırlamaq, böyük tədbirlərə imza atmaq istəyirəm. Bu məni mənəvi olaraq qidalandıran bir şeydir. Bu ölkəm qarşısında mənim bir missiyamdır. Şükür Allaha indiyə qədər istədiyim hər bir şeyə nail olmuşam. Türkiyədəki həm dövlət, həm də şəhər teatrları ilə birlikdə doğma Akademik Milli Dram Teatrı arasında bir körpü qura bilmişəm. Elə bunun nəticəsidir ki, mart ayının 10-da Milli Teatr Günündə iki ölkə arasında müqavilələr bağlandı, biz teatr gününü Azərbaycanda qeyd etdik. Bu mənim üçün çox önəmli mədəni hadisə idi. Bundan sonra da arzum sənəti tək özüm üçün, şəxsi qazancım üçün deyil, öz ölkəm adına Türkiyədə və bütün dünyada yüksəltməkdir"

 

Bunu Medianews.az-a açıqlamasında Əməkdar İncəsənət Xadimi, Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova deyib.

O daha sonra ən böyük arzusundan danışıb:

"Nənə olmaq mənim ən böyük arzumdur. Oğlum indi Kaliforniya, Los Ancelesdədir. Artıq ona nənə olmaq arzumu bildirmişəm. Türklərin işlərinə bir az qarışmaq olmur. Azərbaycanlı olsaydı, anam demiş "başını bağlamaq olardı" (gülür). Onlara bu sözü çatdırmaq, başa salmaq mümkün deyil. Onun da idealları var, kino operatordur, Hollivudda çalışmaq istəyir. Onun üçün də oradadır. Hələ ki, evlənməyi düşünmür. Sevdiyi qız da var. İnşAllah ki, ən qısa zamanda evlənər, mən də nənə olaram".

Əli Əsgər
Medianews.az

Bizə qoşulun