NATO Yaponiya və Cənubi Koreya ilə əməkdaşlığı genişləndirməyə qərar verib. Şimali Atlantika Müqaviləsi Təşkilatının Yaponiya və Cənubi Koreyaya təxminən 300 nümayəndədən ibarət heyət göndərməsi buna sübutdur.
Bu səfər Pekinin narazılığına səbəb olub. Pekində nəşr olunan “Global Times” qəzeti NATO-nun Asiya-Sakit okean regionunun hesabına hərbi, siyasi və diplomatik fəaliyyət dairəsini genişləndirməyə çalışdığını yazıb.
Beləliklə, NATO şərqə doğru genişlənmək siyasətini həyata keçirir. Blok bununla gücünün zəifləmədiyini göstərməyə çalışır. Çünki NATO-nun əsas ölkəsi olan ABŞ-nin prezidenti Donald Trampın təşkilatı sərt tənqid etməsi alyansın imicinə mənfi təsir edib. NATO Trampın “Hörmüz boğazını birgə qoruyaq” çağırışını dəstəkləmədi. Buna görə də Tramp ABŞ-nin NATO-nu tərk edəcəyinə dair açıqlamalar verdi. Halbuki bunu yerinə yetirmək asan deyil. ABŞ-nin NATO-nu tərk etməsi üçün Konqresin qərarı lazımdır. Digər tərəfdən ABŞ NATO-nu tərk edərsə, Avropadakı hərbi bazalarından məhrum ola bilər. Bu isə ABŞ-nin fövqəldövlət statusuna mənfi təsir edəcək.
Buna baxmayaraq, ABŞ-NATO münasibətlərindəki ziddiyyətlər Şimali Atlantika Müqaviləsi Təşkilatının birliyinə təsir edib. Bu mənada NATO-nun Yaponiya və Cənubi Koreya ilə artan hərbi əməkdaşlığı təşkilatın təhlükəsizlik məsələlərində arxa planda olmadığını göstərir.
Brüsseldə əmindirlər ki, Avropanın təhlükəsizliyi Asiyanın təhlükəsizliyindən birbaşa asılıdır. NATO buna görə Asiya istiqamətinə önəm verməyə başlayıb, Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya birgə hərbi təlimlərinin sayı artırılıb.
Ötən ilin yanvar ayında Yaponiya NATO yanında daimi nümayəndəlik açıb. Yaponiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilirdi ki, Yaponiya NATO ilə fundamental dəyərləri və strateji maraqları bölüşən tərəfdaşdır. Yaponiya Çin təhlükəsindən qorunmaq üçün qonşu ölkələrlə də hərbi əməkdaşlığı genişləndirib. Misal üçün, 2014-cü ildə Yaponiya ilə Avstraliya arasında 7 milyard dollarlıq hərbi əməkdaşlıq sazişi imzalanıb.
Yaponiyanın hərbi gücünü artırması, NATO ilə ittifaqı gücləndirməsi Pekinlə yanaşı Moskvanı da narahat edir. Kreml hesab edir ki, Yaponiya İkinci Dünya müharibəsindən sonrakı şərtlərə əsasən, hərbi gücünü artırmamalıdır. Halbuki Çinin bölgədə artan hərbi gücü, o cümlədən Yaponiya sahillərinə yaxın Çin-Rusiya hərbi təlimlərinin keçirilməsi Tokioya hərbi gücünü artırmaqdan başqa alternativ qoymayıb.
Elxan Şahinoğlu,
politoloq