Medianews.az
NASA Ayda daimi yaşayış məntəqəsi yaratmaq
107 baxış

NASA Ayda daimi yaşayış məntəqəsi yaratmaq planını sürətləndirir

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) Ayda daimi yaşayış məntəqəsinin yaradılması istiqamətində növbəti mərhələyə başlayıb.

Medianews.az xəbər verir ki, agentlik elmi avadanlıqların və yüklərin Aya daşınması üçün üç özəl şirkətə ümumilikdə 590 milyon dollar ayıracağını açıqlayıb.

Məlumata görə, Astrobotik, Fayrfly və İntuitiv Maşins şirkətləri Ay səthinə elmi avadanlıq və müxtəlif yüklərin çatdırılmasını həyata keçirəcək.

NASA-nın Ay Bazası Proqramının icraçı direktoru Karlos Qarsiya-Qalan bildirib ki, bu müqavilələr Ayda daimi yaşayış məntəqəsinin yaradılmasını nəzərdə tutan layihənin ilk mərhələsinin bir hissəsidir.

Layihənin birinci mərhələsinin 2028-ci ilədək davam edəcəyi və təxminən 10 milyard dollara başa gələcəyi gözlənilir. Sonrakı mərhələlərdə isə Ayda ilk təzyiqli yaşayış modullarının və enerji generatorlarının inşası planlaşdırılır.

Layihədə iştirak edən bəzi özəl şirkətlər texniki çətinliklərlə üzləşib. ABŞ-li iş adamı Ceff Bezosun Blu Oricin şirkətinə məxsus pilotsuz Nyu Qlenn raketinin may ayında sınaq zamanı partlaması şirkətin Blu Mun eniş aparatının buraxılış cədvəlini qeyri-müəyyən edib.

NASA alternativ buraxılış variantlarını nəzərdən keçirdiyini açıqlayıb.

NASA-nın Ay Bazası layihəsinin ümumi dəyərinin 30 milyard dollara çatacağı proqnozlaşdırılır. Layihə artıq 100 milyard dollardan çox vəsait xərclənən Artemida proqramının əsas istiqamətlərindən biri hesab olunur.

ABŞ Konqresi Çinlə kosmik yarışda texnoloji üstünlüyü qorumaq məqsədilə layihəni dəstəkləyir. Bu səbəbdən Donald Tramp administrasiyası NASA-nın ümumi elmi büdcəsinin azaldılmasını təklif etsə də, Ay Bazası layihəsinə ayrılan maliyyənin artırılmasını planlaşdırır.

Bundan əvvəl NASA resursları birbaşa Ay səthində infrastrukturun qurulmasına yönəltmək məqsədilə Ay orbitində yaradılması nəzərdə tutulan Qeytvey kosmik stansiyası layihəsini dayandırmışdı.

Medianews.az

 

Bizə qoşulun