Medianews.az
“Xəzər müharibə zonası sayılacaq” –
185 baxış

“Xəzər müharibə zonası sayılacaq” – Politoloq

“Azərbaycan, Qazaxıstan və Türkmənistanın istəyindən asılı olmayaraq Rusiya-Ukrayna və ABŞ-İran müharibələri davam etdikcə Xəzər dənizi hövzəsi də müharibə zonası sayılacaq”. Politoloq Elxan Şahinoğlu bu fikirdədir.

Medianews.az-ın məlumatına görə, politoloq feysbuk hesabında yaydığı açıqlamasında bunu belə izah edib: “Xəzəryanı dövlətlərin illər öncə Xəzərlə bağlı əldə etdikləri razılaşmanın ziddinə olaraq olaraq Rusiya dəniz hövzəsindən hərbi məqsədlər üçün istifadə edib, buradan raket zərbələri həyata keçirib, İrana hərbi yüklər daşıyıb, İran isə Rusiyaya Ukrayna müharibəsində istifadə etdiyi dronları dəniz vasitəsilə göndərib”.

Xatırladaq ki, iyulun 25-də Ukrayna Xəzər dənizində İranın ticarət gəmisinə dron zərbəsi endirib. Nəticədə gəmidə partlayış baş verib, dənizçilərdən biri həlak olub, biri isə yaralanıb. Ukrayna tərəfi bəyan edib ki, pilotsuz uçuş aparatları Xəzər dənizində beynəlxalq sanksiyalar altında olan və İranla Rusiya arasında hərbi yüklərin daşınmasında istifadə edilən yük gəmisini vurub.

İran Xarici İşlər Nazirliyi isə bunu "düşmənçilik və cinayət xarakterli hərəkət" kimi qiymətləndirib. Nazirlik qeyd edib ki, bu hücum beynəlxalq hüququn pozulması, müharibənin, qeyri-sabitliyin coğrafiyasını təhlükəli şəkildə genişləndirmək cəhdidir.

Bəzi məlumatlara görə, Ukraynanın vurduğu gəmi Rusiyadan İrana silah daşıyırmış.

Gəminin Xəzərin hansı sektorunda vurulduğu haqda isə indiyədək hər hansı məlumat açıqlanmayıb.

Türkmənistan Xarici İşlər Nazirliyi hadisə ilə əlaqədar bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, Xəzər dənizində gəmilərə qarşı hücumlar yolverilməzdir: “Türkmənistan Xəzəryanı dövlət və BMT tərəfindən tanınmış daimi neytral statusa malik ölkə kimi vurğulayır ki, Xəzər sülh, razılıq və mehriban qonşuluq dənizidir”.

Lakin E.Şahinoğlu hesab edir ki, reallıq fərqlidir və Azərbaycan, Qazaxıstan və Türkmənistanın istəyindən asılı olmayaraq müharibələr Xəzər hövzəsini də müharibə zonasına çevirir.

Məlum olduğu kimi, Rusiya və İrandan başqa Xəzər dənizinin sahilində yerləşən və onun sərhədlərini əhatə edən daha üç ölkə var. Həmin ölkələrin hamısı türk dövlətləridir: Azərbaycan, Qazaxıstan və Türkmənistan.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun