Fevralın 28-dən başlayan və beş həftə sonra atəşkəs razılaşması ikə dayandırılan İran müharibəsi ABŞ-yə 22.3 milyard dollardan 31 milyard dollara qədər ziyan vurub.
Medianews.az xəbər verir ki, bu hesablamanı vaxtilə Pentaqonda büdcə məsələləri üzrə çalışmış Eleyn Makkasker aparıb.
Hesablamaya ABŞ-nin Yaxın Şərqə göndərdiyi əlavə hərbi qüvvə və texnikanın xərcləri daxil edilsə də, münaqişənin tam maliyyə yükünün hələ müəyyənləşmədiyi, real zərəri bir qədər sonra daha dəqiq hesablamağın mümkün olacağı bildirilir.
Məlumatlara görə, müharibədə ABŞ-nin 13 hərbçisi həlak olub, azı 300 hərbçisi isə yaralanıb.
Ekspertlərin diqqət çəkdiyi əsas məqamlardan biri İranın ABŞ-yə məxsus yüksək texnologiyalı və bahalı radar sistemlərini sıradan çıxarmasıdır. Bu hadisə Vaşinqtonun hərbi üstünlüyü ilə bağlı da suallar doğurub. Analitiklər hesab edirlər ki, belə zəifliklər gələcəkdə Çin kimi ölkələrlə baş verə biləcək potensial münaqişələrdə ABŞ-yə ciddi problemlər yarada bilər.
Döyüşlər nəticəsində texnika və infrastruktur sahəsində əhəmiyyətli zərər qeydə alınıb. İlkin hesablamalara görə, yalnız avadanlıqların bərpası və yenilənməsi üçün 2.1 milyarddan 3.6 milyard dollara qədər vəsait tələb olunacaq. Zərər görən hərbi texnikalar arasında “USS Gerald R. Ford” təyyarədaşıyanının da adı çəkilir.