Məşhur müğənni Mabel Matiz (əsl adı Fatih Karaca) ilə bağlı aparılan məhkəmə işi üzrə növbəti iclas keçirilib. İstanbul 54-cü Asliye Cinayət Məhkəməsində baş tutan prosesdə sənətçi iştirak etməyib, lakin tərəflərin vəkilləri məhkəmədə çıxış edib.
İş müğənninin "Perperişan" adlı mahnısının sözlərində guya "müstehcen ifadələr"in (açıq və ya dolayı şəkildə cinsi məzmun daşıyan, erotik və ya ədəbsiz sayılan sözlər, təsvirlər və ya ifadələr) yer alması və yaş məhdudiyyətinin tətbiq olunmaması səbəbilə uşaqlar üçün təhlükə yaratdığı iddiaları əsasında qaldırılıb.
Məhkəmədə çıxış edən Ailə və Sosial Xidmətlər Nazirliyinin nümayəndəsi mahnıda "müstehcenlik" əlamətlərinin mövcud olduğunu bildirərək, təqsirləndirilən şəxsin cəzalandırılmasını tələb edib.
Qarşı tərəf isə əlavə hazırlıq üçün məhkəmədən vaxt istəyib.
Məhkəmə prosesində "mətbuat və yayım vasitəsilə müstehcen məzmunun yayılması" maddəsi ilə 6 aydan 3 ilə qədər azadlıqdan məhrum edilməsi istənilib.
Növbəti prosesdə qərarın elan olunacağı gözlənilir.
İstanbul Respublika Prokurorluğu tərəfindən hazırlanan ittiham aktında qeyd olunub ki, "Perperişan" mahnısının sözləri dolayı yolla cinsi istəkləri qızışdıran, bədən və ruhla bağlı metaforalar vasitəsilə erotik çağırışlar yaradan ifadələrdən ibarətdir.
Sənəddə həmçinin vurğulanır ki, mahnı sosial mediada açıq şəkildə yayımlanıb və bu yayıma heç bir yaş məhdudiyyəti tətbiq edilməyib.
Bu hal ictimai asayiş və xüsusilə uşaqların qorunması baxımından risk yaradır.
Sənətçi isə ifadəsində irəli sürülən ittihamları qəbul etməyərək, mahnıda yer alan bəzi ifadələrin fərqli - məcazi mənada işlədildiyini bildirib.
Lakin prokurorluq həmin izahların mahnının ümumi məzmunu ilə uzlaşmadığını vurğulayıb./BAKU.WS/
![]()
![]()
![]()
![]()
![]()