Medianews.az
İrəvanda “300 min azərbaycanlı qayıdır” davası və
70 baxış

İrəvanda “300 min azərbaycanlı qayıdır” davası və “realist” Paşinyan

Ermənistanda seçki sonrası qalxan toz-duman səngimir. Bir müddət iqtidar və müxalifət məhkəmə dəhlizlərində üz-üzə gələcək, gedişat bunu göstərir. Nikol Paşinyan ən təhlükəli rəqibi olan rusiyalı milyarder Samvel Karapetyana qarşı məhkəmə iddiaları ilə çıxış edib.

Belə görünür, Paşinyan parlamentdə özündən sonra ikinci yeri tutan milyarderi sona qədər küncə sıxışdırmaq niyyətindədir, çünki onu hakimiyyəti üçün real təhlükə hesab edir. Üstəlik, onun arxasında Kremlin dayanması və konkret tapşırıqlarla Ermənistana gəlməsi, böyük pullara sahiblik etməsi, həmçinin Erməni Apostol Kilsəsinin əsas donorlarından biri olması Paşinyanın narahatlığını artıran səbəblərdəndir.

Düzdür, indiki situasiyada hətta Samvel Karapetyanın seçki saxtakarlıqlarına etiraz olaraq mandatdan imtina edəcəyi barədə məlumatlar da var. Amma Nikol Paşinyan bu xəbərlərə münasibətində bildirib ki, əgər müxalifət deputat mandatlarından imtina edərsə, o zaman onun partiyası parlamentdə tam üstünlük əldə etmək imkanı qazanacaq. Amma bu ehtimal olduqca zəifdir. Karapetyanın ev dustaqlığı şəraitində yüksək nəticə əldə etdikdən sonra mandatdan imtina etməsi onun siyasi karyerasına ciddi zərbə vura bilər. Həm də Rusiyadan aldığı təlimatlar onun alternativ ssenariyə əl atmasını mümkünsüz edir.

Digər tərəfdən, Nikol Paşinyanın hətta çox cüzi səs itkisi hesabına parlamentə düşmək üçün baryeri keçə bilməyən Sarukyanla bağlı ironik və aşağılayıcı reaksiyası da ondan xəbər verir ki, o, müxalifətin daha irəli gedən planları həyata keçirə biləcəyinə inanmır. Robert Köçəryanla bağlı isə vəziyyət bəllidir. Çünki Ermənistan cəmiyyətində “Qarabağ klanı”na nifrət mövcuddur və bir çoxları hesab edir ki, ölkənin yaşadığı faciə və fəlakətlərin başında məhz bu klan dayanıb.

Təsadüfi deyil ki, Serj Sarkisyan ümumiyyətlə, seçkilərə qatılmamaq qərarı verdi. Məhkəmə iddiaları onun başı üzərində “Damokl qılıncı” kimi asılıb. Eyni zamanda, kifayət qədər iddialı davranışlar sərgiləyən Köçəryanın yenidən siyasi proseslərə qoşulması və baş nazirliyə iddia etməsi fonunda hətta ikinciliyi təmin edə bilməməsi onun real durumunun göstəricisidir. Üstəlik, illərdir məhkəmə kuluarlarında süründürülən bu caninin siyasi meyit olduğunu Paşinyan da yaxşı bilir.

Düzür, 7 iyun nəticələri Nikol Paşinyan üçün də tam rahatlıq yaratmır. Çünki o, parlamentdə təkbaşına həlledici qərarlar qəbul etmək imkanına malik deyil. Amma burada bir sual da ortaya çıxır: doğrudanmı Nikol Paşinyan parlamentdə mütləq çoxluğa nail olaraq gələcəkdə Azərbaycanla əldə olunmuş razılaşmaların icrası istiqamətində təkbaşına addımlar atmaq istəyirdi? O, doğrudanmı erməniçiliyin bir əsrdən çox müddətdə dünyaya yaydığı üfunətə son qoymaq niyyətindədir? Doğrudanmı Türkiyə və Azərbaycana qarşı ərazi iddialarını, saxta “soyqırım” köpüyünü birdəfəlik dəfn etmək, Ermənistan Konstitusiyasındakı idbar iddiaları referendumla çıxarmaq istəyir? Nikol Paşinyan hakimiyyətə gələnə qədər də onunla bağlı Azərbaycanda müxtəlif yanaşmalar mövcud idi. Hesab edilirdi ki, “müharibə partiyası”nın üzvü olmayan və cinayətlərdə birbaşa iştirak etməyən bir şəxs kimi onun hakimiyyətə gəlməsi münasibətlərin fərqli məcrada inkişafına, sülh danışıqlarının dinamikasına və müharibənin qarşısının alınmasına səbəb ola bilər. Hətta Azərbaycan Prezidenti ilə ilk görüşündən sonra Nikol Paşinyanın təmas xəttində atəş səslərinin eşidilmədiyini, itkilərin olmadığını deməsi müəyyən ümidlər yaratmışdı. Amma sonradan nə baş verdi? Nikol Paşinyan “Qarabağ Ermənistandır. Nöqtə”, dedi, müxtəlif təxribatçı addımlar atdı və hətta oğlu Aşotu Qarabağa hərbi xidmətə göndərdi...

Bütün bu cinayətlərə imza atan bir şəxsin az qala “sülh göyərçini” kimi təqdim olunması səthi yanaşmanın nəticəsi sayıla bilər. Unutmayaq, Nikol Paşinyan Azərbaycanın “Dəmir Yumruğu” qarşısında bütün idbar mövqelərdən geri çəkilməyə məcbur oldu və kapitulyasiya sənədinə imza atdı. Hətta 2023-cü ilin sentyabrında, bir günlük antiterror əməliyyatadək Qarabağda Ermənistanın işğalçı qüvvələrinin olmadığını iddia edən bu adam idi...

Yəni biz bu illər ərzində Nikol Paşinyanı kifayət qədər yaxşı tanıdıq. Onun seçkilərdə “demokratik şəkildə” qalib gəlməsi ilə bağlı illüziyaları da kənara qoymaq lazımdır. Ermənistanda seçkilərə hələ xeyli vaxt qalmış Paşinyan artıq siyasi rəqiblərinə qarşı sərt mübarizəyə başlamışdı, keçən ilin bu vaxtlarından rəqiblərini həbs etdirirdi, keşişdən məmuradək hər kəsi, səsini çıxaranı “damlatdırırdı”.

Düzdür, bir tərəfdən bu situasiya Azərbaycan üçün müəyyən mənada əlverişli mühit yaradırdı. Radikalların sıxışdırılması, səslərinin boğulması və “Qarabağ klanı”nın qarşısının alınması Azərbaycanın maraqlarına uyğun idi, həm də sülhün əldə olunması baxımından. Amma bu addımlar sonadək atıldımı? İrəvanda Qarabağa iddia edən revanşistlərin tamamilə təcrid olunmaması, vaxtaşırı boy qaldırmaları, beynəlxalq səviyyədə Azərbaycana qarşı səslənən iddialara, qəbul olunan AP, AŞPA qətnamələrinə Paşinyanın sükutu, Qarabağ ermənilərinin qayıdışı ilə bağlı sərsəmləmələrə nöqtə qoymaq istəməməsi suallar yaradır...

Paşinyan zaman-zaman Azərbaycanın tarixi ərazilərindən biri, terrorçulardan əsgərimizin qanı bahasına təmizlənmiş Başkəndlə bağlı iddiaları gündəmə gətirir. Eyni zamanda, Samvel Karapetyana qarşı məhkəmə iddiasında Qərbi Azərbaycandan deportasiya olunmuş 300 min azərbaycanlın geri qayıdışı məsələsinin də yer alması diqqət çəkir. Paşinyan məhkəmədə sübut etmək istəyir ki, o, azərbaycanlıların öz yurdlarına qayıdışına heç vaxt razı olmayacaq və belə bir razılaşmaya getməyəcək. Əslində bu, təkcə Karapetyana qarşı irəli sürülən ittiham deyil. Bu, həm də rəsmi İrəvanın deportasiya olunmuş azərbaycanlıların ləyaqətli qayıdışının qarşısını almaq üçün hüquqi baza formalaşdırmaq cəhdi kimi qiymətləndirilə bilər. Bu, kifayət qədər hiyləgər plan təsiri bağışlayır. Gələcəkdə Nikol Paşinyan hansısa razılaşmanın olmadığını əsas gətirərək, Qərbi Azərbaycan məsələsində əlində məhkəmə qərarı ilə çıxış etməyə çalışa bilər.

Ümumiyyətlə, Nikol Paşinyan haqqında yüksək fikirlər səsləndiriləndə onun keçmişini, Gəncənin, Tərtərin, Bərdənin ballistik raketlərlə atəşə tutulmasın barədə əmrləri nəticəsində verdiyimiz şəhidləri göz önünə gətirmək, siyasi manevrlərinə və hiyləgər davranışlarına diqqət yetirmək lazımdır. Bu arada, özünü “demokrat” adlandıran beynəlxalq təşkilatlar və demokratiya müdafiəçiləri demək olar ki, Ermənistandakı seçki cinayətlərinə heç bir reaksiya vermədilər. Səbəbi aydındır...Həmin çevrələr də Qarabağ erməniləri məsələsi ilə manipulyasiya edir, Qərbi Azərbaycandan qovulan yüz minlərlə azərbaycanlının haqqını görməzdən gəlir, Paşinyan da 300 min azərbaycanlı ilə bağlı iddia qaldırır. Elə bir iddia ki, Rusiya və Avropa təşkilatları, paytaxtları da məmnundur, çünki azərbaycanlıların ləyaqətli qayıdışına qarşı mövqe sərgilənir. Bax, Paşinyan belə realistdir, belə qurmaq istəyir “Real Ermənistan”ı...

Elşad PAŞASOY 

Bizə qoşulun