28 fevraldan bəri ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumları fonunda İranın enerji sektoruna 250 trilyon rialdan çox (təxminən 191 milyon dollar) dəyərdə ziyan dəyib.
Bunu İranın energetika nazirinin müavini və TAVANIR Şirkətinin icra direktoru Mustafa Rəcəbi Məşhədi yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, ABŞ və İsrailin İranın elektrik sektorunda hərbi hava hücumlarında 1,9 min hadisə qeydə alınıb. Bu hadisələrin ciddi nəticələri elektrik sektoru əməkdaşları tərəfindən aradan qaldırılıb.
Rəcəbi Məşhədi bildirib ki, əsasən Tehran vilayətinə dəyən ziyanlar maksimum şəkildə 1 saat ərzində elektrik verilişində məhdudiyyətin yaranması ilə nəticələnib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir./Trend