Həftə ərzində iş və ya təhsil səbəbindən kifayət qədər yata bilməyən insanların əksəriyyəti bunu həftəsonu uzun müddət yatmaqla kompensasiya etməyə çalışır. Lakin yeni elmi araşdırmalar göstərir ki, bu üsul yuxu borcunu tam aradan qaldırmır.
Medianews.az xəbər verir ki, bununla bağlı "Sleep and Breathing" jurnalında məqalə dərc olunub.
Araşdırmasına görə, həftəsonu əlavə yatmaq qısa müddətdə yorğunluğu azaldır, əhvalı yaxşılaşdırır, diqqət və zehni fəaliyyətin müvəqqəti bərpasına kömək edir. Ancaq mütəxəssislər bildirirlər ki, beyin yuxusuzluğun yaratdığı zərərləri yalnız məhdud səviyyədə bərpa edə bilir.
Təxminən 91 min nəfərin iştirak etdiyi başqa bir araşdırma isə göstərib ki, həftə içi az yatan, lakin həftəsonu yuxu müddətini artıran şəxslərdə ürək xəstəlikləri riski 20 faiz azalır. Bu təsirin xüsusilə ciddi yuxu çatışmazlığı yaşayan insanlarda daha güclü olduğu müəyyən edilib.
Bununla yanaşı, alimlər xroniki yuxusuzluğun immun sistemi, maddələr mübadiləsi, hormon balansı və beyin funksiyalarına vurduğu ziyanın cəmi iki günlük uzun yuxu ilə aradan qalxmadığını vurğulayırlar. Uzun müddət nizamsız yatan insanların sonradan yenidən yuxusuz qaldıqda zehni fəaliyyətlərinin daha sürətlə zəiflədiyi də qeyd olunur.
326 mindən çox insanın məlumatlarının təhlil edildiyi digər araşdırmaya əsasən, həftəsonu uzun yatmaq yalnız həqiqətən yuxu borcu olan insanlar üçün faydalıdır. Həftə ərzində kifayət qədər yatan şəxslərin həftəsonu əlavə yatması bioloji saatın pozulmasına və qan şəkərinin mənfi təsirlənməsinə səbəb ola bilər.
Mütəxəssislər bildirirlər ki, həftəsonu gec yatıb gec oyanmaq "sosial jet lag" adlanan bioloji ritm pozğunluğunu gücləndirir. Bu isə bazar ertəsi yorğunluğu və adaptasiya çətinliyinin əsas səbəblərindən hesab olunur.
Alimlərin fikrincə, həftəsonu yuxunu 1-2 saat artırmaq zərərli deyil. Lakin bunu xroniki yuxusuzluğun həlli kimi qəbul etmək olmaz. Yetkin insanlar üçün ən sağlam seçim hər gün, həftə içi və ya həftəsonu olmasından asılı olmayaraq, 7-9 saat eyni saatlarda yatmaqdır.