Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) Avropa Parlamentinin Kiprlə bağlı qəbul etdiyi qərara sərt etiraz edib.
Medianews.az xəbər verir ki, bununla bağlı nazirlik bəyanat yayıb.
Bəyanatda bildirilib ki, 1974-cü il Kipr Sülh Hərəkatı və Türk Silahlı Qüvvələrini hədəf alan iddialar əsassız, məntiqsiz və qəbuledilməzdir.
Açıqlamada vurğulanıb ki, Kipr türklərinin illərlə məruz qaldığı sistemli hücumlar, qətliamlar və məcburi köçürülmələr nəzərə alınmadan qəbul edilən qərar birtərəfli yanaşmanın və yunan-kipr təbliğatının nəticəsidir.
MSB qeyd edib ki, 1963-cü ildən etibarən EOKA təşkilatı Enosis məqsədi ilə 103 türk kəndini dağıdıb, təxminən 30 min Kipr türkünü doğma yurdundan didərgin salıb, qadınlar, uşaqlar və yaşlılar qətlə yetirilib.
Nazirlik bəyan edib ki, "Qanlı Milad", Ayvasıl, Muratağa, Sandallar və Atlılar qətliamlarını görməzdən gələnlərin bu gün Türk Silahlı Qüvvələrini ittiham etməyə çalışması "trajikomikdir".
Bəyanatda bildirilib ki, Türkiyə zəmanətçi dövlət kimi beynəlxalq müqavilələrdən irəli gələn hüquqlarına əsaslanaraq 1974-cü ildə Kipr Sülh Hərəkatını həyata keçirib, Kipr türklərinin təhlükəsizliyini təmin edib və adada sülh və sabitliyi bərqərar edib.
MSB vurğulayıb ki, Türk əsgərinin Kiprdəki varlığı yarım əsrdən artıqdır sülhün, təhlükəsizliyin və sabitliyin təminatı olaraq qalır.
Nazirlik əlavə edib ki, Türkiyə bundan sonra da zəmanətçi dövlət kimi Şimali Kipr Türk Respublikasının, eləcə də Kipr türk xalqının hüquq və təhlükəsizliyini qorumağa davam edəcək. Həmçinin bildirilib ki, Türk Silahlı Qüvvələri Kipr türklərinin təhlükəsizliyini hədəf alan hər hansı düşmən addımına qarşı qətiyyətlə cavab verməyə hazırdır.