Həm Rusiya, həm də Ukraynanın dənizdə hərbi əməliyyatları genişləndirməsi dünya bazarlarına taxıl tədarükünün azalacağı sarıdan narahatlıqları gücləndirib və qiymətlərə təsir göstərməyə başlayıb.
Medianews.az xəbər verir ki, Ukraynanın Azov dənizində və Qara dənizədə, Rusiyanın isə Odessa vilayətində limanları və gəmiləri atəşə tutması dünyanın kənd təsərrüfatı sahəsində ən böyük birjası olan Çikaqo əmtəə birjasında buğda fyuçerslərinin 5% bahalaşmasına gətirib.
Fyuçerslər - tərəflərin müəyyən bir aktivin (əmtəə, valyuta və ya səhm) gələcəkdə əvvəlcədən razılaşdırılmış qiymətə alınıb-satılması barədə bağladığı törəmə maliyyə müqavilələridir.
Ukrayna iyulun 6-dan Azov dənizində tanker və yük gəmilərinə qarşı dron hücumlarına başlayandan Çikaqo birjasında buğdanın qiyməti təxminən 13% artıb.
“Bloomberg” agentliyinin məlumatına görə, iyulun 16-sı buğda fyuçersləri son iki ayın ən yüksək səviyyəsinə – bir buşel üçün 6,76 dollara (tonu 248,4 dollar) yaxın qiymətdə ticarət olunur.
1 buşel buğda təxminən 27.2 kiloqram buğda deməkdir.
Mövcud vəziyyət müharibənin ilk aylarında Rusiyanın Qara dənizi blokadaya alması nəticəsində Ukraynanın taxıl ixracının iflic olduğu dövrü xatırlatsa da, analitiklər hesab edirlər ki, bazarın reaksiyası bu dəfə daha təmkinli olacaq.
Onların fikrincə, bunun əsas səbəbi böhranın ilin fərqli dövrlərində baş verməsidir. Belə ki, 2022-ci ildə gərginlik yaz əkinləri və Şimal yarımkürəsində məhsulun yetişdiyi dövr ərəfəsində yaranmışdı. Buna görə bazar həm istehsalın azalması, həm də ixracın pozulması riskini qiymətlərə daxil etmişdi. 2026-cı ildə isə əsas narahatlıq istehsaldan deyil, ixracdan qaynaqlanır.
Ukrayna Aqrar Şurasının məlumatına görə, Rusiyanın raket zərbələri nəticəsində Ukraynanın taxıl ixrac etmə gücü ayda 6 milyon tondan 4 milyon tona enib. Rusiya isə Azov dənizindən taxıl daşınmasını tamamilə dayandırıb. Analitiklərin hesablamalarına görə, bu, ölkənin taxıl ixracının 20-25%-ni itirməsi ilə nəticələnə bilər.
Ukrayna son doqquz gün ərzində Azov dənizində 116 gəmiyə hücum edib.