Medianews.az
"Bu əlamətlər varsa, dərhal müraciət edin" -
235 baxış

"Bu əlamətlər varsa, dərhal müraciət edin" - KRİTİK XƏBƏRDARLIQ

Yaz fəslinin gəlişi ilə havaların dəyişkən keçməsi mövsümi xəstəliklərin yayılmasını sürətləndirir. Temperatur fərqləri və küləkli hava şəraiti xüsusilə mövsümi qrip və digər virus infeksiyalarının artmasına şərait yaradır.

Hazırda ölkədə mövsümi virusların yayılma səviyyəsi necədir? Virusların yayılmasının qarşısını almaq üçün hansı profilaktik tədbirlər vacibdir? Qrip zamanı hansı hallarda evdə, hansı hallarda isə mütləq həkimə müraciət olunmalıdır? Bu xəstəlikdən qorunmaq üçün nələrə diqqət etmək vacibdir?

Mövzu ilə bağlı Medianews.az -a danışan həkim-infeksionist Polina Əliyeva bildirib ki, hazırda ölkədə respirator infeksiyaların, xüsusilə qrip və paraqrip viruslarının aktivliyi müşahidə olunur: “Temperaturun kəskin oynaması, rütubət və külək virusların havada qalma müddətini artırır. Kütləvi toplaşma yerlərində yoluxma riski yüksək olsa da, bu, mövsüm üçün xarakterik olan statistik bir artımdır.

Viruslardan qorunmaq üçün sadə, lakin effektiv qaydalara əməl etmək lazımdır:

  • Əl gigiyenası: Əlləri tez-tez sabunla yumaq və ya dezinfeksiyaedici vasitələrdən istifadə etmək.
  • Hava dəyişimi: Qapalı məkanları mütəmadi olaraq havalandırmaq.
  • Məsafə: Xəstəlik əlaməti olan şəxslərlə yaxın təmasdan qaçmaq.
  • Geyim seçimi: "Lay-lay" geyinmək (kələm prinsipi) temperatur dəyişikliyinə uyğunlaşmağa kömək edir”.

Həkim qeyd edib ki, yüngül simptomlar (azca qızdırma, burun axması) zamanı bol maye qəbulu, istirahət və vitaminli qidalar kifayətdir: “Lakin aşağıdakı hallarda mütləq həkimə müraciət edilməlidir:

  • Qızdırma 3-4 gündən artıq düşmürsə və ya 39 dərəcəni keçirsə;
  • Təngnəfəslik və nəfəs darlığı yaranırsa;
  • Davamlı öskürək və döş qəfəsində ağrılar varsa;
  • Kəskin zəiflik və huşun dumanlanması müşahidə olunursa.

İmmuniteti möhkəm saxlamaq üçün yuxu rejiminə diqqət yetirin və rasionunuza mövsümi meyvə-tərəvəzləri, xüsusilə C vitamini ilə zəngin olanları əlavə edin. Unutmayın ki, özünümüalicə bəzən fəsadlara yol aça bilər, ona görə də bədəninizin siqnallarına qarşı həssas olun”.

Nailə Qasımova,
Medianews.az 

Bizə qoşulun