Medianews.az
Göy muncuqlu
72 baxış

Göy muncuqlu korrupsiya

Qeyri-adi hadisə baş vermişdir, baş nazirin çoxlu restoran, hotel və sairə daşınmaz əmlakı aşkara çıxmışdır. Hazırda Nazirlər Kabineti 3 ay ərzində həmin əmlakların başqa adamın adına keçirilməsi məsələsini həll etməlidir.

Zarafat edirəm, əlbəttə. İkinci cümlədə. Birinci cümlə həqiqətdir və ümumiyyətlə çoxlu əmlakı olmayan baş nazir bizim nəyimizə lazımdır? O ac-yalavac Ermənistandır ki, orda baş nazirin gündə avtobusda peraşki və kartof soyutması yeməsi nümayiş etdirilir. Maşallah, bizim baş nazirləri uca xalqımız heç zaman ac qoymayıbdır, hətta keçmiş baş nazirlərdən Artur müəllim qışın oğlan çağında təzə xiyar salatı yeyərdi.

Özümüz ac qalarıq, təki dövlət qulluqçuları yaxşı yaşasın. Azərbaycan dünyada yeganə dövlətdir ki, onun qulluqçuları dövlətin özündən dövlətlidir.

Qaldı ikinci cümlə, bizdə bütün əmlaklar qanunla qorunur, heç kimin ev-eşiyində xalqın gözü yoxdur. Türkiyədə deyilən aforizm kimi: “Ədalət mülkün təməlidir”. Sayın baş nazirimizin koronavirus pandemiyası üzərində uzun illərdir apardığı gərgin mübarizənin əvəzində 5-10 restoran əldə etməyini alqışlayırıq.

Yeganə hal olaraq bəzi obyektlərə qoyulan qeyri-milli adları bəyənmədim, çünki sayın baş nazirimiz dəfələrlə ana dilinin qorunması barədə əmr və sərəncamlar, qərar və qətnamələr, albom və vinetkalar, vizitka və dəvətnamələr, menyu və vəsatətlər, dua və cadular çap etdirmişdir. Lakin görünür bunlar bəs etməmişdir. Özünüz baxın, baş nazirin restoranlardanın biri “Beer Hall”, hoteli “Sapphire” adlanırmış.

Bəyəm restorana ana dilimizdə “Pivə zalı” adı qoymaq olmazdımı? Bu nə hörmətsiz münasibətdir ana dilinə?! Baş nazirimiz xarici səfərləri zamanı, məsələn, İngiltərədə “Pivəxana”, “Pivə evi” adında obyekt görübmü? Görməyi mümkün də deyil, çünki bu adı heç biz özümüz qoymuruq, ingilisin nəyinə lazımdır?

“Sapphire” məsələsi lap qəlizdir. Bu, bizim dildə adına sapfir deyilən göy-mavi rəngli mineralın ingiliscə adıdır. Görəsən hoteli “Sapfir” adlandıranda ona daha az adam girir, “Sapphire” (pis çıxmasın, lap erməni dilinə oxşayır) adı qoyanda isə müştərilərin, qonaqların əlindən dolub-daşır? Yəqin belə statistika yoxdur. Hətta mənim fikrimə görə hotelə “Göy muncuq” adı qoyulsa daha gözəl səslənərdi, hotelə əsrarəngizlik qatardı, xalq da daim nigaran qalardı ki, görəsən göy muncuq kimdədir. Bilməyənlər üçün yazım, bu, qədim pritçadır. Bir kişinin iki övrəti varmış, övrətlər bunu bezdiribmiş ki, sən hansımızı çox sevirsən. Ağıllı kişi çıxış yolu tapır, övrətlərin hərəsinə bir göy muncuq bağışlayır, deyir amma gizli saxlayın, heç kim bilməsin, bu bizim sirrimizdir və sairə. Sonra yenə övrətlər hansımız sevimliyik sualını ortaya atanda kişi deyir: “Göy muncuq kimdədirsə, onu daha çox sevirəm”.

Nəsə, mövzudan uzaqlaşmayaq, hələlik baş nazirin obyektlərini sayırıq, muncuqları sonra düzərik. Qalan dükanların adı yaxşı idi, məsələn, manqal, narşərab kimi sözcüklər seçilmişdi. Hərçənd, yaxşı yadıma düşdü, bir ara sayın baş nazirimiz İranda rusca danışmışdı, onda jurnalistlər hay-küy qaldırmışdı, deyirdilər əslində o, ana dilimizi ümumiyyətlə bilmir. Əgər elədirsə, manqal və narşəraba şükür eləməliyik.

Belə temalar çox çıxır. Təzəlikcə müəyyən təşkilatlar da toplaşıb uşaqlarımıza milli, ana dilində adlar qoyulmağını müzakirə edirdilər, deyirdilər gərək uşağa Alisa, Melisa, həmçinin müxalifətçilərə məxsus Əli və İsa adları qoyulmasın. (Əli və İsanı zarafat üçün yazdım, hələlik bu barədə qərar yoxdur, amma olsa alqışlamağa hazırıq). Ən gülməlisi isə tədbiri təşkil edən yoldaşın özünün soyadının “Məmmədova” olmağıydı. Yaxşı, Melisanı bəyənmirsən, əcəb edirsən, bəs “ova” nə deməkdir? “Məmmədgilin ovalığından olan adam”?

Başlıq isə elə o göy muncuq əhvalatına istinadən qoyulub. Bizdə hökumət adamı bizneslə məşğul ola bilməz, onun “zövcəsi” bir istiqamətdə olmağa məhkumdur. Ya dövlət qulluğunu seçməlidir, ya da biznesi. Ancaq ikisini də saxlayır. Bəs camaat bundan nəsə narazıdırmı? Yox. Muncuq bizim deyil ki, nə işimizə qalıb?

Zamin HACI

Bizə qoşulun