Medianews.az
FİFA prezidenti Mbappeni təhqir edən
90 baxış

FİFA prezidenti Mbappeni təhqir edən senatora nələr dedi?

FİFA prezidenti Canni İnfantino DÇ-2026-nın 1/8 finalında Fransa – Paraqvay (1:0) matçından sonra tənqidlərə məruz qalan Fransa millisinin kapitanı Kilian Mbappeyə dəstək verib.

Medianews.az xəbər verir ki, Canni İnfantino sosial şəbəkə hesabında hadisəyə belə reaksiya verib:

"Senator Selesta Amarilyanın Kilian Mbappeyə qarşı irqçi ifadələrini qətiyyətlə pisləyirəm. Futbol dünyası Fransa millisinin kapitanı ilə həmrəydir. İrqçiliyi kökündən kəsmək üçün birlikdə mübarizə aparmalıyıq. Futbol hamı üçün təhlükəsiz və birləşdirici qüvvə olaraq qalmalıdır".

Xatırladaq ki, DÇ-2026-nın 1/8 finalında Fransa – Paraqvay oyunu başa çatandan sonra Mbappe ona əl uzadan Paraqvay qapıçısının əlini havada buraxıb.

Paraqvaylı senator Selesta Amarilya buna görə Kilian Mbappeni “kobud”, “yazmağı belə öyrənə bilməyən”, “kokosla böyüyən”, “şimpanzelərlə müqayisə ediləcək qədər savadsız”, “fransız kimi davranan kamerunlu”, “kinli və çirkin” adlandırıb.

Mbappe isə cavabında senatorun “irqçi və məsuliyyətsiz” olduğunu bəyan edib. “Siz alçaldıcı ifadələr işlədən və tutduğu vəzifəyə yaraşmayan bir qadınsınız. Turnirdə şərəflə mübarizə aparan Paraqvayı təmsil etmirsiniz. Sizin məsuliyyətsizliyiniz və həyasız irqçiliyiniz ucbatından bütün dünya futbolçularınızın bu Dünya Kuboku boyunca göstərdiyi əzmi unutdu”, - deyə futbolçu bildirib. Mbappe əlavə edib ki, nifrət və irqçiliyin yayılmasına imkan verilməməlidir.

Bundan sonra Selesta Amarilya Kilian Mbappeni yenidən kəskin tənqid edib, onu təkəbbürlü olmaqda, Paraqvay xalqını və millisini aşağılamaqda, həmçinin matç zamanı Latın Amerikasına qarşı ağır söyüş söyməkdə günahlandırıb.

Amarilya futbolçunun ona qarşı çıxışlarında təhqirə yol verdiyini bildirərək rəsmi üzrxahlıq tələb edib: "Sözlərini geri götür və üzr istə. Əks halda, məhkəmə prosesinə başlayacam".

Medianews.az

Bizə qoşulun