Çinin texnologiya nəhəngi Tencent evdə tək qalan pişik və itlər üçün kanal yaradıb.
Medianews.az xəbər verir ki, “PetTV” adlanan kanal 24 saat yayımlanır.
Tencent Video platforması üzərindən izlənilə bilən kanal ev heyvanlarının sahibləri evdə olmadıqda özlərini tək hiss etməməsi məqsədilə hazırlanıb. Yayımda ördək balalarının üzdüyü görüntülər, küçədə gəzən itlərin videoları kimi məzmunlar yer alır.
Şirkət bildirir ki, proqramlar yalnız əyləncə məqsədi daşımır, eyni zamanda heyvanların duyusal ehtiyaclarına uyğunlaşdırılıb. Rənglər, görüntü yenilənmə sürəti və səs tezlikləri pişik və itlərin qavrayışına uyğun optimallaşdırılıb.
Araşdırmaya görə, it sahiblərinin 66 faizi evdən çıxarkən televizoru açıq qoyur. “PetTV” bu vərdişi daha faydalı və heyvan dostu təcrübəyə çevirməyi hədəfləyir. Kanal ödənişli abunəçilər üçün təqdim olunur.
Çində ev heyvanları bazarının sürətli inkişafı bu cür təşəbbüsləri stimullaşdırır. Proqnozlara əsasən, sektorun həcmi 2028-ci ilə qədər 405 milyard yuan (təxminən 59 milyard dollar) səviyyəsinə çatacaq.
Ötən il orta hesabla bir Çin ailəsi it üçün 3 min yuandan, pişik üçün isə 2 min yuandan çox vəsait xərcləyib.
Ev heyvanlarına yönəlmiş media məzmunları artıq təkcə Çinlə məhdudlaşmır. ABŞ-də fəaliyyət göstərən “DogTV” kimi platformalar və meditasiya tətbiqləri də heyvanlar üçün xüsusi kontentlər hazırlayır. Tencent-in gələcəkdə bu sahədə əməkdaşlıqları genişləndirməyi planlaşdırdığı bildirilir.
Medianews.az