Kəlbəcər doğma sakinlərinə qovuşur. Buraya köçən ailələr artıq öz el-obalarında təsərrüfat qurmağa başlayıblar.
Həmin sakinlərdən biri Ceyhun Əsgərovdur. O, Kəlbəcərdə arıçılıqla məşğuldur. Dağların qoynunda, saf təbiətin içində öz təsərrüfatını formalaşdırıb.
"2025-ci il sentyabrın 15-də "Böyük Qayıdış" Proqramına uyğun olaraq doğma vətənimizə qayıtmışıq. Burada həm müəllim kimi fəaliyyət göstərirəm, həm də öz təsərrüfatımı idarə edirəm. 2020-ci ildən etibarən Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə hər yay təsərrüfatımızı Kəlbəcərin yaylaqlarına gətiririk və məhsullarımızı buradan əldə edirik", - deyə o Baku TV-yə bildirib.
Kəlbəcər sakini hazırda təxminən 40 arısının olduğunu qeyd edib:
"Gəlib arılara nəzarət edirik. Qış dövründə dərmanlama aparırdıq. Hazırda isə arılara daha intensiv qulluq mərhələsi başlayıb".
C.Əsgərov vurğulayıb ki, Kəlbəcərin zəngin təbiəti balın keyfiyyətinə birbaşa təsir göstərir:
"Bunun əsas səbəbi burada minlərlə çiçək növünün olmasıdır. Arıların güclü olması üçün vitaminlər veririk. Arı nə qədər güclü olarsa, məhsulumuz da bir o qədər bol olar".