Medianews.az
“O aktrisa məni təpikləyib ayağının altına saldı, az qaldı öldürsün, teatrdan atdırmaq istəyirdi” -
118 baxış

“O aktrisa məni təpikləyib ayağının altına saldı, az qaldı öldürsün, teatrdan atdırmaq istəyirdi” - Xalq artistindən illər sonra ETİRAF+ÖZƏL

“Teatr elə bir sənətdir ki, insan əzab-əziyyətə də qatlaşır, yuxusuz da qalır.. Çünki sən sənətin və tamaşaçıların üçün hər şeyin ən yaxşısını etməyə çalışırsan. Bu gün də ümidverici gənclərimiz var. Ara-sıra efirlərə baxıram, gənclər də deyir ki, biz də əziyyət çəkirik. Təki olsun. Onların danışığından hiss edirəm ki, özlərindən əvvəlki sənətkarlara baxıb bu yolu seçiblər. Çünki bizlərin əziyyəti onların gözlərinin qarşısında olub”.

Bunu Medianews.az-a açıqlamasında xalq artisti Lətifə Əliyeva deyib.

O daha sonra bildirib ki, teatr sahəsinə gəldiyinə görə valideynlərin qəzəbinə də tuş gəlib:

“Mən teatra özüm gəlmişəm. Sərhədləri dəf etmişəm. Heç kəs razı deyildi. Ələxsus da atam. Ona dedim ki, icazə ver oxuyum, sənin istədiyin sahədə işləyəcəm. Atam istəyirdi ki, mən Qazaxda piktoqrafiya sahəsində çalışım. Ona ümid verdim. Atam mənimlə şərt kəsdi, dedi ki, “indi razısan, Bakıda oxuyub gələndən sonra razı olmasan səni öldürərəm”. Mən ona söz versəm də uşaqlıq arzuma çatmaq üçün fürsət axtarırdım. Mənim əslində hələ uşaqlıq illərimdən Züleyxa müəllimim aktyorluq sənətinə ürəyimdə istilik yaratmışdı. Ədəbiyyat müəllimim hər dəfə məndə nəsə görürdü, deyirdi ki, “ay qız, otur, artistlik etmə”. Kənddə də belə şey yox idi o vaxt! 4-cü sinifdə oxuyan uşaq nə bilir ki, artist kimdir? Mən sizə 1957-ci ildən danışıram”.

Aktrisa illər sonra teatr həyatı ilə bəzi məqamları da bizimlə bölüşüb.. O bildirib ki, teatra ilk gəldiyi illərdə özündən böyük sənətkarların çox pis münasibəti ilə üzləşib:

“Mən bu sahəyə gəlməklə bədbəxt oldum. Arxamda gərək mənə kömək edən, məni canavarların ağzından xilas edən olardı.. Mən kənd qızı olduğum üçün çox avam, təmiz idim. Düşündüyümü deyirdim. Sən demə elə etmək olmazmış. Teatrda bunu hamı başqa cür qəbul edirdi. Mən başqa cür tərbiyə almışdım. Bundan sonra peşman olsam nə olacaq, olmasam nə olacaq? Dağ boyda aktrisa məni təpiklədi, ayağının altına saldı, teatrdan atdırmaq istədi. Səbəb də o idi ki, xarici ölkədən teatrımıza gələn bir jurnalist məni tərifləyib. Az qaldılar məni öldürsünlər.. Bu olmuş hadisədir. Bunu mən sübut da edərəm, lazım gələr məhkəmə qarşısına da çıxa bilərəm. Bu hadisəni teatrda çoxları bilir. Mən mübarizələrdən ölə-ölə çıxdım. Adama öz yaşıdları paxıllıq edər. Dağ boyda aktyor, aktrisa paxıllıq etməz. Bu harada yazılıb? Bir bilsəniz o kimlərlərə mənə pərdənin arxasında nə qurğular qururdu?! Söhbətin kimdən getdiyini deməyəcəm. Amma bu gün o həyatda yoxdur, mən ona da rəhmət oxuyuram. Rollarına hörmətim var. Olub, keçib. Mən heç kimə pislik etməmişəm. Amma mən bilmirdim ki, yazıq avam qıza bu qədər pislik edərlər”.

Əli Əsgər,

Medianews.az

Bizə qoşulun