Azərbaycan Konstitusiyasına görə, icra hakimiyyəti Prezidentə mənsubdur, o, icra səlahiyyətlərinin həyata keçirilməsi üçün Nazirlər Kabineti yaradır.
Məhdud səlahiyyətli qurum sayılan Nazirlər Kabinetini ləğv etmək, idarəçiliyi birbaşa Prezident Administrasiyası vasitəsilə aparmaq mümkündürmü?
Medianews.az-a danışan dövlət xadimi Vahid Əhmədov deyib ki, ölkənin istər mərkəzi, istərsə də yerli icra hakimiyyəti orqanlarına təyinatlar və vəzifədən azad etmələr Prezidentin sərəncamları ilə həyata keçirilir: “Amma Nazirlər Kabineti də məhdud səlahiyyətli qurum deyil, kifayət qədər səlahiyyəti var. Sadəcə olaraq prezident institutu ilə Nazirlər Kabineti, yəni yuxarı icra orqanı arasında müəyyən bir paralellik yaranıb ki, bununla bağlı fikirlərimi Milli Məclisin deputatı olanda bir neçə ifadə etmişəm, təkliflərimi səsləndirmişəm.
Yaxşı olardı ki, ölkəmizdə vitse-prezident institutu genişləndirilsin. Bir neçə vitse-prezident təyin olunsun. Onlar da Prezidentin rəhbərliyi altında öz aparatları ilə birgə ölkə iqtisadiyyatına nəzarəti həyata keçirsinlər. Onda ayrıca Nazirlər Kabinetinə də ehtiyac olmaz. Vitse-prezident institutunun geniş tətbiqi idarəçilikdə çevikliyə əlavə imkanlar aça, məsələlərin daha tez həllini tapmasına kömək edərdi.
Rayon-şəhər icra hakimiyyəti orqanlarında son vaxtlar müəyyən proseslər həyata keçirilir, ixtisarlar aparılır. Bunun nə dərəcədə effektiv olacağını deyə bilmərəm. Çünki daha yaxşı variant rayon-şəhər icra hakimiyyəti orqanlarının ümumiyyətlə ləğvi, 14 iqtisadi rayonumuzda Prezidentin səlahiyyətli nümayəndələrinin təyin edilməsi olardı. Hazırda həmin iqtisadi rayonların birinə - Naxçıvana Prezidentin səlahiyyətli nümayəndəsi məsuldur. Hesab edirəm ki, Prezidentin iqtisadi rayonların hamısı üzrə səlahiyyətli nümayəndələri olsa, onlar öz aparatları ilə birgə regionların sosial-iqtisadi inkişafına təkan verə bilərlər.
Eyni zamanda bələdiyyələrə əlavə səlahiyyətlər vermək, onların maliyyə imkanlarını genişləndirmək lazımdır. Vergilərin müəyyən hissəsini bələdiyyələrin ixtiyarında saxlamaq gərəkdir ki, yerlərdəki sosial problemləri həll edə bilsinlər.
Beləliklə, ümumən struktur dəyişikliyi aparılmalıdır. Qeyd etdiyim kimi, hazırda dəyişikliklər rayon-şəhər icra hakimiyyətlərində aparılır. Bundan başqa bəzi dövlət orqanları birləşdirilir, yəni qurumların sayı azaldılır. Bu, bir növ aralıq variant kimi, islahatların yavaş-yavaş reallaşdırılması, insanların həyatına birdən-birə kəskin təsir göstərməməsi baxımından məqbul variantdır. Amma yekunda yeni və çevik strukturun formalaşmasına ehtiyac var”.
1947-ci il təvəllüdlü Vahid Əhmədov baş nazirin müavini, birinci müavini olub. 1990, 2005, 2010, 2015, 2020-ci illərdə parlamentin deputatı seçilib.

Medianews.az qeyd edir ki, Nazirlər Kabineti Prezidentin yuxarı icra orqanı sayılır, ona tabedir və onun qarşısında cavabdehdir.
Kabinetin tərkibinə Baş nazir, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildir.
Baş naziri Prezident parlamentin - Milli Məclisin razılığı ilə, Nazirlər Kabinetinin qalan üzvlərini birbaşa təyin edir.
Nazirlər Kabinetinin səlahiyyətləri bunlardır:
- dövlət büdcəsi layihəsini hazırlayıb Prezidentə təqdim etmək;
- dövlət büdcəsinin icrasını təmin etmək;
- maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin etmək;
- dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin etmək;
- dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin etmək;
- nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik etmək, onların aktlarını ləğv etmək;
- Prezidentin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll etmək.
Nazirlər Kabineti hər il martın 31-dək Milli Məclisin yaz sessiyasında fəaliyyəti haqqında hesabat verməlidir.
2016-cı ildə ölkədə vitse-prezidentlik institutu rəsmiləşib. Hələlik bir vitse-prezident var - Birinci vitse-prezident Mehriban Əliyeva. O, 2017-ci ildə Birinci vitse-prezident təyin olunub.
Nailə Qasımova,
Medianews.az